Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Zəfər yazanlar” regional ədəbi yazı müsabiqəsinin yekun tədbiri və “Zəfər yazanlar” ədəbi toplusunun təqdimatı keçirildi

06.11.2021

5 noyabr 2021-ci il tarixində Quba rayon Heydər Əliyev Mərkəzində Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkil etdiyi “Zəfər yazanlar” ədəbi yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi və “Zəfər yazanlar” ədəbi toplusunun təqdimatı keçirildi. Tədbir torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Tədbirdə Quba rayon İcra Hakimiyyətinin Başçısının müavini Səidə Abasova, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, şəhid valideynləri, təşkilat komitəsinin üzvləri, münsiflər, region yazarları, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak etdi.

Tədbirdən öncə Quba şəhər Uşaq İncəsənət məktəbinin şagirdlərinin rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirildi, məktəbin skripka ifaçılarından ibarət kollektivinin çıxışı dinlənildi.

Müsabiqənin təşkilat komitəsinin rəhbəri Ramiz Ramazanlı müsabiqə haqqında tədbir iştirakçılarına müsabiqə və “Zəfər yazanlar” ədəbi toplusu barədə məlumat verdi. Bildirdi ki, müsabiqədə I,II,III yerlərə layiq görülən, eləcə də həvəsləndirici yerlər qazanan əsərlər Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən “Zəfər yazanlar” ədəbi toplusu halında nəşr olunmuşdur.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov çıxışında bildirdi ki, Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən regionda yazıb-yaradan yazıçı və şairlərin 44 günlük Vətən Müharibəsi ilə bağlı əsərlərinin toplu halına gətirilməsi, gələcəkdə bu əsərlərdən bölgədə hazırlanan bədii-kütləvi tədbirlərdə, konsert və tamaşalarda ədəbi material kimi istifadə olunması məqsədilə 21 iyun 2021-ci il tarixində “Zəfər yazanlar” regional ədəbi yazı müsabiqə elan edilmişdir. Elanda müsabəqinin məqsədi, vəzifələri, şərtləri və müsabiqə qaliblərinin qiymətləndirilməsi ilə bağlı məlumatlar dərc edilmişdir. Müsabiqəyə əsərlərin qəbulu 15 sentyabr 2021-ci il tarixində başa çatmışdır. Müsabiqəyə ümumilikdə 3 janr üzrə 50-ə yaxın əsər qəbul edilmişdir. Müsabiqədə poeziya-şeir janrı üzrə 2 əsər I yerə, 2 əsər II yerə, 3 əsər isə III yerə; Nəsr-hekayə janrı üzrə 2 əsər I yerə, 2 əsər II yerə, 3 əsər isə III yerə layiq görülmüşdür. Dramaturgiya-pyes janrı üzrə isə cəmi bir əsər qəbul edilmişdir. Həmçinin 2 əsər isə həvəsləndirici mükafata layiq görülmüşdür.

Daha sonra çıxış edən Quba rayon İcra Hakimiyyətinin Başçısının müavini Səidə Abasova bu kimi müsabqilərin əhəmiyyətindən, şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısından danışdı.

Müsabiqənin münsiflər heyyətinin üzvləri - şair Ramiz Qusarçaylı və yazıçı-publisist Aydın Tağıyev müsabiqənin gedişi, təqdim edilən əsərlər barədə məlumat verdilər.

Çıxışlardan sonra müsabiqə qaliblərinə Xaçmaz Regional Mədəniyyət İdarəsinin fəxri fərman və mükafatları təqdim edildi.

Tədbirin bədii hissəsi Şabran Xalq Teatrının “Xarıbülbül” tamaşasından bir hissənin nümayişi ilə başlandı.

Tədbir Quba şəhər Uşaq Musiqi məktəbinin konsert proqramı ilə davam etdi.

Məktəbin müəllim və şagirdlərinin ifasında Ü.Hacıbəylinin “Koroğlu” operasından üvertura, Quba şəhər Uşaq Musiqi Məktəbinin xor kollektivinin ifasında“Zəfər himni” və “Zəfər sorağında”, məktəbin şagirdlərinin “Gözün aydın, Qarabağ” adlı şeir kompozisiyası, Klarnet kvartetinin ifasında “Əsgər marşı”, məktəbin direktoru İlqar Məmmədovun ifasında “Kamança üçün konsert”in II hissəsi, məktəbin şagirdi Kənan Nizamovun ifasında “Qarabağ” kompozisiyası tamaşaçılara təqdim edildi.