Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Zəfər yazanlar” Regional ədəbi yazı müsabiqəsinin qiymətləndirilmə mərhələsinə start verilib

06.10.2021

6 oktyabr 2021-ci il tarixində B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən elan edilmiş “Zəfər yazanlar” Regional ədəbi yazı müsabiqəsinin qiymətləndirilmə mərhələsinin başlanması ilə əlaqədar toplantı keçirilib. Toplantıda Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, idarənin əməkdaşları, təşkilat komistəsinin bir sıra üzvləri, o cümlədən, yazıçı-publisist Aydın Tağıyev iştirak etmişdir.

İlk öncə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov “Zəfər yazanlar” Regional ədəbi yazı müsabiqəsi haqqında məlumat verdi. İdarə rəisi bildirdi ki, Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən Regionda yazıb-yaradan yazıçı və şairlərin 44 günlük Vətən Müharibəsi ilə bağlı əsərlərinin toplu halına gətirilməsi, gələcəkdə bu əsərlərdən bölgədə hazırlanan bədii-kütləvi tədbirlərdə, konsert və tamaşalarda ədəbi material kimi istifadə olunması, Vətən Müharibəsində vuruşan, şimal bölgəsindən olan igid döyüşçülərimizin bədii obrazının ədəbiyyata gətirilməsi, Bədii yaradıcılıqla məşğul olan insanların yüksək sənətkarlıq keyfiyyətlərinə malik əsərlərini dəyərləndirmək, bölgə yazarlarına yaradıcı stimul verilməsi məqsədilə 21 iyun 2021-ci il tarixində “Zəfər yazanlar” regional ədəbi yazı müsabiqə elan edilmişdir. Elanda müsabəqinin məqsədi, vəzifələri, şərtləri və müsabiqə qaliblərinin qiymətləndirilməsi ilə bağlı məlumatlar dərc edilmişdir. Müsabiqəyə əsərlərin qəbulu 15 sentyabr 2021-ci il tarixində başa çatmışdır.

     Daha sonra şair, publisist Ramiz Qusarçaylı çıxış edərək bu kimi müsabiqələrin əhəmiyyətindən danışdı.

Müsabiqənin təşkilat komitəsinin sədri Ramiz Ramazanlı müsabiqəyə qəbul edilən əsərlər və müsabiqənin qiymətləndirmə mərhələsi barədə toplantı iştirakçılarına ətraflı məlumat verdi.

    Qeyd edək ki, müsabiqədə I,II,III yerlərə layiq görülən, eləcə də həvəsləndirici yerlər qazanan əsərlərin “Zəfər yazanlar” ədəbi toplusu halında nəşr olunması, həmçinin 8 noyabr - Zəfər günündə həmin nəşrin təqdimatı və müsabiqə qalibləri və həvəsləndirici yer tutan yazarlar diplom və mükafatlarla təltif olunması nəzərdə tutulmuşdur.