Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin 40 illik yubileyinə həsr olunmuş ”Biz Tarixi yaşadırıq” adlı tədbir keçirilib

26.09.2021

Tədbiri muzeyin direktoru Pakizə Mehdiyeva giriş sözü ilə açaraq muzeylərin cəmiyyətdə rolu və əhəmiyyəti, Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin fəaliyyəti haqqında məlumat verdi. P.Mehdiyeva qeyd etdi ki, Muzey 1981-ci ilin 27 sentyabrında görkəmli şəxsiyyət, dahi rəhbər Heydər Əliyevin iştirakı ilə açılmışdır. Muzeyin yeni binası 19 iyul 2013 –cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının iştirakı ilə açılmışdır. Muzeyin binası öz arxitekturası ilə nəinki şimal zonasında, eyni zamanda bütün ölkədə fərqlənir və tanınır. Muzeyin binasının "Şəxsiyyətlər park"-ının içərisində yerləşməsi "muzey içində muzey" adlandırılan gözəl və maraqlı vəhdət təşkil edən kompleks yaratmışdır. Muzeydə 5000-ə yaxın eksponat nümayiş etdirilir. Tədbir Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynovun çıxışı ilə davam etdi. İdarə rəisi öz çıxışında bildirdi ki, Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana hər iki rəhbərliyi dövründə bu amili əsas götürərək muzeyşünaslığın inkişafına böyük qayğı göstərmişdir. Ötən əsrin 70-ci illərindən başlayaraq tarixi-mədəni irsə və milli dəyərlərə qayıdış siyasətinin tərkib hissəsi olaraq ölkəmizdə geniş muzeylər şəbəkəsi yaradılmış, rayonlarda tarix-diyarşünaslıq muzeyləri, görkəmli şəxsiyyətlərin, ədəbiyyat və incəsənət xadimlərinin ev-muzeyləri, xatirə muzeyləri istifadəyə verilmişdir.

Müstəqillik illərində isə ulu öndərin rəhbərliyi ilə muzey işi inkişafın yeni mərhələsinə qədəm qoymuş, bu sahədə fəaliyyəti tənzimləyən qanunvericilik bazası yaradılmışdır və bu siyasət bugün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Muzeylərin inkişafı ilə bağlı Dövlət Proqramının qəbul olunması, rayonlarda yeni və müasir Tarix diyarşünaslıq muzeylərinin tikilib istifadəyə verilməsi ölkədə bu sahədə əsaslı yeniliklərin yaranmasına imkan vermişdir.

Xaçmaz muzeyinin yaranma tarixindən danışan V.Hüseynov, onun fəaliyyət istiqamətlərinə toxunaraq kollektivi yubiley münasibətilə təbrik etdi. Muzeyin ilk yaradıcılarından olan tarixçi, rayonun tanınmış ziyalısı Vilayət Əskərov muzeyin yarandığı ilk illərdə onun ekspozisiyasının və fondunun formalaşması haqqında maraqlı məlumat verdi.

Tədbir Heydər Əliyev adına Xaçmaz Mədəniyyət mərkəzinin direktoru Aqil Əlisultanov, II Qarabağ müharibəsi qazisi, mayor Tariyel Didarov, Qarabağ Müharibəsi veteranları, əlilləri və şəhid ailələri birliyinin Xaçmaz filialının sədri Şövlət Dadaşov çıxış edərək muzeyin fəaliyyəti haqqında danışdılar, kollektivi yubiley münasibətilə təbrik etdilər. Tədbirin fəxri qonağı olan alim,şairə, Filologiya elmləri üzrə Fəlsəfə Elmləri doktoru Firuzə Məmmədli öz çıxışında muzeyin işini yüksək qiymətləndirərək kollektivə uğurlar arzuladı, öz kitablarını və hədiyyələrini təqdim etdi.

Tədbirdə muzeyin fəaliyyətinə həsr olunmuş "Biz Tarixi yaşadırıq" adlı videoçarx, Azərbaycanın bir çox bölgələrində fəaliyyət göstərən Tarix Diyarşünaslıq muzeylərinin təbrik videoları, Xaçmaz Gənclər klubunun təbrik videoçarxı nümayiş olundu.

Tədbirin ən böyük maraq doğuran və qürurverici anı Azərbaycan hərbçilərinin muzeyə ünvanladığı təbrik müraciəti oldu/

Tədbirdə muzeyin kollektivinə muzey işində xidmətlərinə görə Xaçmaz Regional Mədəniyyət İdarəsinin fəxri fərmanı və hədiyyəsi təqdim olundu. Şəhid ailələri və müharibə iştirakçıları ilə apardığı mütəmadi iş və əməkdaşlığa, vətənpərvər yönlü tədbirlərin təşkilinə görə muzeyin direktoru Pakizə Mehdiyeva Qarabağ Müharibəsi veteranları, əlilləri və şəhid ailələri birliyinin Xaçmaz filialı tərəfindən "Vətən naminə" medalı ilə təltif olundu.

Yubiley tədbirinə Heydər Əliyev adına Xaçmaz Mədəniyyət mərkəzinin solisti Elvin Ağaliyev, Quba uşaq musiqi məktəbinin müəllimi Coşqun Beydullayevin ifa etdikləri musiqi nömrələri ilə yekun vuruldu.