Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Zəfər yazanlar” regional ədəbi yazı müsabiqəsi

21.06.2021

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Xaçmaz Regional Mədəniyyət İdarəsi “Zəfər yazanlar” Regional ədəbi yazı müsabiqəsini elan edir.

Məqsəd: 

1. Regionda yazıb-yaradan yazıçı və şairlərin 44 günlük Vətən Müharibəsi ilə bağlı əsərlərinin toplu halına gətirilməsi, gələcəkdə bu əsərlərdən bölgədə hazırlanan bədii-kütləvi tədbirlərdə, konsert və tamaşalarda ədəbi material kimi istifadə olunması;
2. Vətən Müharibəsində vuruşan, şimal bölgəsindən (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən) olan igid döyüşçülərimizin (şəhid, qazi və veteran) bədii obrazının ədəbiyyata gətirilməsi;
3. Bədii yaradıcılıqla məşğul olan insanların yüksək sənətkarlıq keyfiyyətlərinə malik əsərlərini dəyərləndirmək, bölgə yazarlarına yaradıcı stimul verilməsi.

Vəzifə :   

1. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin  30 ilə yaxın bir müddətdə erməni işğalında qalan torpaqlarımızı azad etməsini, tarixi zəfərimizi bədii ədəbiyyatda əks etdirmək;
2. Bölgə ədəbiyyatını inkişaf etdirmək, ədəbiyyata yeni məzmun və obrazlar gətirmək, yerli yazarların, ədəbi məclislərin fəaliyyətinə təkan vermək;
3. Böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsini möhkəmləndirmək;
4. Azərbaycan əskərinin qəhrəmanlığını tərənnüm etmək, onun göstərdiyi şücaətləri gələcək nəsillərə ötürmək.

Müsabiqənin ədəbi janrları:

- Poeziya- şeir
- Nəsr-hekayə
- Dramaturgiya-pyes (1 pərdəli)

Müsabiqənin şərtləri:

- Hər iştirakçı yalnız bir janr üzrə (şeir, hekayə, pyes), yalnız bir əsər təqdim edə bilər.
- Müsabiqədə iştirak etmək istəyənlər əsərlərini regiona daxil olan rayonlarda  (Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən) fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinə təqdim etməlidir.
- Təqdim edilən yazı Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan, Vətən müharibəsində iştirak edən oğul və qızlarımızın şücaətini əks etdirməlidir (şəhid, qazi, veteran).
- Yazı yalnız bir müəllifə məxsus olmalıdır.
- Yazı 1 nüsxə CD diskdə və 3 nüsxə A4 formatlı çap vərəqində təqdim edilir.
- Şeir janrı üzrə əsərlərin həcmi 8 bənddən artıq olmamalıdır.
- Hekayə janrı üzrə əsərlər 20.000 (iyirmi min) işarədən artıq olmamalıdır. Şriftin qarnituru “Arial 12”, sətirlərarası interval 1, faylın formatı “Doc” A4 olmalıdır.  
- Müsabiqə şərtlərinə cavab verməyən əsərlər komissiya tərəfindən qəbul edilməyəcək.
- Müsabiqədə 18 yaşdan yuxarı hər kəs iştirak edə bilər.

 

Müsabiqənin qiymətləndirilməsi:

1. Təqdim olunan əsərlər müsabiqənin təşkilat komitəsinin seçdiyi münsiflər tərəfindən qiymətləndirilir.
2. Yazılar yoxlanılarkən əsərlər şifrələnir, müəllifləri anonimləşdirilir.
3. Hər janr üzrə iki 1-ci yer,  iki 2-ci yer , üç 3-cü yer müəyyənləşdirilir.
4. Qaliblər Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılır.
5. Digər yazılar həvəsləndirici mükafatlarla qiymətləndirilir.

  Müsabiqəyə  2021-ci ilin 21 iyunundan start verilir və əsərlərin qəbulu 31 avqust  2021-ci il tarixdə sona çatır. Müsabiqədə I,II,III yerlərə layiq görülən, eləcə də həvəsləndirici yerlər qazanan əsərlər “Zəfər yazanlar” ədəbi toplusu halında nəşr olunur. 8 noyabr - Zəfər günündə müsabiqə qalibləri və həvəsləndirici yer tutan yazarlar diplom və mükafatlarla təltif olunur və “Zəfər yazanlar” toplusunun təqdimat mərasimi keçirilir. Təqdimat mərasimində ən yaxşı əsərlərdən nümunələr səsləndirilir.

     Email : zeferyazanlar@gmail.com

     Əlaqələndirici şəxs: Ramiz Ramazanov

      Telefon: (050) 383-28-23                                      (Təşkilat komitəsi)