Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Region haqqında
Mədəniyyət

Quba

     Quba rayonu ərazisində Heydər Əliyev Mərkəzi, A.A.Bakıxanov adına tarix-diyarşünaslıq muzeyi, A.A.Bakıxanovun memorial ev muzeyi, Şəhidlər muzeyi, 17 mədəniyyət evi, 64 klub, 86 kitabxana, tarixi abidə mühafizəçiləri qrupu, turizm informasiya mərkəzi, şəhər mədəniyyət və istirahət parkı, uşaq incəsənət və uşaq musiqi məktəbi fəaliyyət göstərir.

      Quba şəhərində 2011-ci ildə Heydər Əliyev Mərkəzi, 2013-cü ildə Gənclər Mərkəzi inşa edilmişdir. Son illərdə Heydər Əliyev adına mədəniyyət istirahət parkı, Nizami adına park və Mərkəzi meydan, “Dədə Qorqud” abidə kompleksi, şəhər mədəniyyət sarayının qarşısında “Ziyalılar parkı” salınmış, şəhərdə “Qala Qapısı” inşa edilmişdir. 2013-cü ildə “Soyqırımı Memorial Kompleksi”nin tikintisi başa çatdırılmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qubaya səfəri zamanı Kompleksin açılışı olmuşdur. 2013-cü ildə “Rixos” istirahət mərkəzinin, “Gənclər mərkəzi”nin, “Bayraq” kompleksinin, “Yaşıl teatr”ın, rayon icra hakimiyyətinin, Quba poçtamptının, YAP rayon təşkilatının, Quba su-kanal idarəsinin, DİN BPQ və Mİ-nin şimal regional şöbəsinin yeni inzibati binalarının, II Nügədi kəndində Azərbaycan Dövlət İqtisad və Bakı Dövlət Universitetlərinin tədris və istirahət korpuslarının, İqriq kəndində “Aqrolizinq” ASC-nin bazasının, rayona giriş qapısının, Qırmızı Qəsəbədə Heydər Əliyev Parkının tikintisi başa çatdırılmış, tarixi “Tağlı” körpü və Heydər Əliyev adına mədəniyyət və istirahət parkı yenidən qurulmuşdur.

     Rayon mədəniyyət evində “Atəşgah folklor” ansamblı, “Şahdağ” ansamblı, Zərdabi kənd mədəniyyət evində “Savalan” instrumental ansamblı, Zərqava kənd mədəniyyət evində “Zurnaçılar” qrupu fəaliyyət göstərir. Bu kollektivlərin rayon əhalisi qarşısında, rayonda yerləşən hərbi hissələrdə, əsgər yola salma mərasimlərində, respublikada keçirilən müsabiqələrdə, bayram şənliklərində fəal iştirak edirlər.

         Quba rayonu füsunkar təbiətinə, adət-ənənələrinə, yerləşdiyi coğrafi mövqeyinə görə turistlərin diqqətini cəlb edir, hal-hazırda rayonda 32 qeydə alınmış mehmanxana və bu tipli istirahət mərkəzləri turistlərə xidmət göstərir. Quba Olimpiya Kompleksi, “Retro”, “Cənnət bağı”, “Şane”, “Nazlı bulaq”, “Məstdərgah”, “Bərpa SPA”, “Aynur”, “Terrace”, “Qəçrəş”, “Qədim Quba” “Səməd”, “Quba” və s. istirahət mərkəzləri müasir tələblərə cavab verən xidmət göstərirlər.

          Quba tarixi abidələrlə zəngindir. Bu abidələr içərisində Xınalıq kəndi, Cümə, Ərdəbil, Hacı Cəfər, Səkinəxanım məscidləri, Baba Rüstəm, Ağbil türbələri, Gümbəzli hamam, Söhüb qalası, qaranlıq dərə və başqa memarlıq abidələri diqqəti cəlb edir.

        Xınalıq kəndi dünya əhəmiyyətli abidələr sırasına daxil edilmişdir. Kəndin yolu son illərdə çəkilmiş, bu da Quba-Xınalıq marşrutu ilə turistlərin gediş gəlişini asanlaşdırmışdır. Mədəniyyət abidələrinin qədimliyi, təbiətin cazibədarlığı, xınalıqlıların dili daxili və xarici turistlərin marağına səbəb olduğuna görə onlar mütləq bu yaşayış məntəqəsini ziyarət edirlər.

         Quba rayonunda yerləşən təbiət tərəfindən yaradılmış minarələr, şəlalələr, çaylar, dağlar, meşələr də çox maraq doğurur. Meşələr təbii meyvələr, nadir ağaclar və heyvanlarla zəngindir. Buna misal olaraq Təngə dərəsi, Küsnətqazma kəndində Qudyalçayın üzərindəki minarəni, Afurca, Gürdəh kəndində yerləşən şəlalələri misal göstərmək olar.

         Rayonda müalicəvi əhəmiyyətə malik olan sular, Xaltan isti suyu, Vero suyu, Təngə dərələrində müalicə keyfiyyəti Truskavts mədən suyuna oxşar “Quba naftusu”dan, saf bulaq sularından minlərlə turist istifadə edir.

         Dağlarda təbii sərvətlərdən rəngli mərmər, tikinti üçün mişar və çay daşı, gil və sair mövcuddur.

         Ovçuluq istiqamətində də turizmin inkişafı nəzərə çarpır. Rayonun neçə dağ və çəmənliklərdə yaşayan müxtəlif heyvanların ovlanması marağında olan turistlərin gəlişini daha da artırmışdır.

      Quba rayonunda xalçaçılıq, boyaqçılıq, dulusçuluq, misgərlik, ağac üzərində tikmə, yonma və s. sənətkarlıq peşələri qədimdən inkişaf etmişdir. Hələ XIX əsrdə, Azərbaycanda boyaq bitkisinin əsas mərkəzlərdən biri Quba sayılırdı. Buradan Rusiyaya və hətta Avropa ölkələrinə boyaq bitkiləri göndərilirdi. Hazırda Quba xalçasının 34 növü mövcuddur. “Qollu Çiçi”, “Ağbil Çiçi”, “Xırdagül Çiçi” “Qımıl-Xonça” və başqa çeşidli xalçalar ümumdünya şöhrəti qazanmışdır. Zərif və əlvan toxunmuş xalçaların sorağı Almaniyadan, Kanadadan, Amerikadan, İngiltərədən və digər ölkələrdən gəlir, xarici ölkələrdə keçirilmiş dünya sərgilərində dəfələrlə mükafata layiq görülmüşdür. Təsadüfü deyildir ki, 1712-ci ildə toxunmuş “Qollu Çiçi” xalçası ABŞ-ın Nyu-York şəhərindəki Metropolitan İncəsənət Muzeyində nadir incilərdən sayılır. Londonda yerləşən Viktoriya və Albert muzeyində Qubada toxunan XVII-XIX əsrə aid xalçalar nümayiş olunur.

       Dulusçuluq sənəti qədim tarixə malikdir. Məişətdə istifadə edilmiş qablar gildən hazırlanmış və bu günə qədər gəlib çıxmışdır. Sənətkarların yaratdıqları dulusçuluq əşyaları Respublikada keçirilən sərgilərdə, tarix-diyarşünaslıq muzeyində nümayiş olunur.

      Rayonun zəngin təbiəti olduğu kimi özünə məxsus mətbəxi vardır. Bu da qonaqların marağına səbəb olur. Quba rayonunda müxtəlif meyvələrdən bişirilən mürəbbələr, Çiçi çığırtması, düşbərə, qutab, 20 növdən artıq plov, həlim aşı, şillə, səbzi, fisincan ləziz xörəklərdəndir. Bundan əlavə Quba paxlavası və bükmə yalnız Quba rayonunda bişirilir ki, bu da rayona gələn xarici və yerli turistləri çox maraqlandırır.