Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Region haqqında
İqtisadiyyat

Qusar

İqtisadiyyat

Regionlarının sosial-iqtisadi inkişafını təmin edən Dövlət Proqramlarının həyata keçirilməsi nəticəsində son illər respublikanın digər bölgələrdə olduğu kimi Qusar rayonunda da iqtisadiyyatın bütün sahələri inkişaf edir. Rayonda 2003-cü illə müqayisədə 2011-ci ildə ümumi məhsul buraxılışının həcmi 4,5 dəfə artaraq 175,9 milyon manata, sənayə məhsulu istehsalı 6,4 dəfə artaraq 3,4 milyon manata, kənd təsərrüfatında məhsul istehsalı 2,0 dəfə artaraq 51,5 milyon manata, əsas kapitala yönəldilən investisiyaların həcmi 15,9 dəfə artaraq 98,3 milyon manata, tikinti-quraşdırma işlərinin həcmi 15,5 dəfə artaraq 95,7 milyon manata çatmışdır. 2003-cü ildən bu günə kimi rayonda ümumilikdə 18148, o cümlədən 6639 daimi iş yeri açılmışdır.
Rayonda sahibkarlığın inkişaf etdirilməsi üçün iri istehsal, emal və xidmət müəssisələri özəlləşdirilmiş, rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatında Aqrar islahatlar başa çatdırılmışdır. Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon sahibkarlarına 2010-cu ildə 15 layihə üzrə ümumilikdə 1 milyon 595 min manat, 2011-ci ilin 9 ayında 11 layihə üzrə 155 min manat güzəştli qaydada kredit verilmişdir.

Kənd təsərrüfatı

Qusar rayonu ölkəmizin mühüm kənd təsərrüfatı rayonlarındandır. Rayonun 81460 hektar kənd təsərrüfatına yararlı torpağının 34 403 hektarını (42,2 %) əkin yeri təşkil edir. Suvarılan torpaqların sahəsi 29 398 hektardır.
Rayonun kənd təsərrüfatının əsasını iki böyük sahə-bitkiçilik və heyvandarlıq təşkil edir. Qusar rayonunda yetişdirilən əsas kənd təsərrüfatı bitkiləri aşağıdakılardır: buğda, arpa, qarğıdalı, lobya, kartof, alma, armud, fındıq, pomidor və kələm.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına kömək məqsədi ilə "Aqroservis" müəssisəsi yaradılmış, həmin müəssisə yeni toxum və gübrə anbarları, texniki xidmət emalatxanası, inzibati bina və digər xidməti binalar ınşa edilmiş, baytarlıq xidmətinin yaxşılaşdırılması məqsədilə rayon Baytarlıq İdarəsi və Diaqnostik kabineti üçün yeni inzibati binanın tikintisinə başlanmışdır.
Rayonda yüksək keyfiyyətli meyvə, tərəvəz, həmçinin heyvandarlıq məhsulları istehsalı üçün təbii iqlim şəraiti və kifayət qədər işçi qüvvəsi vardır. Rayon əhalisinin 79 faizi yəni 63,2 min nəfəri kəndlərdə yaşayır. Rayonda 81460 hektar kənd təsərrüfatına, 34403 hektar əkinə yararlı torpaq sahəsi mövcuddur. Hazırda rayonda 5 min hektardan çox meyvə bağları vardır ki, bundan 83 %-i bar verən bağlardır. Meyvə bağlarının 68 %-i alma bağları təşkil edir. Son dövrə kimi meyvə saxlama kameralarının çatışmaması səbəbindən rayonda hər il külli miqdarda meyvə, tərəvəz məhsulu xarab olurdu. Mövcud problemi aradan qaldırmaq məqsədilə dövlətin dəstəyi ilə sahibkarlar tərəfindən rayonun Çubuqlu kəndi ərazisində 4 min tonluq, Samur qəsəbə nümayəndiliyi ərazisində 800 tonluq meyvə saxlama soyuducu anbar binaları tikilmiş, daha bir ədəd 2 min tonluq meyvə saxlama soyuducu anbarın tikintisinə Yeni Həyat kəndində başlanmışdır. Bu soyuducu saxlama kameraların tikintisi bazarda il boyu meyvə və tərəvəz məhsullarına olana tələbatın yerli istehsal hesabına ödənilməsini təmin edəcək, əlavə iş yerlərinin açılmasına təkan verəcəkdir.
Rayon ərazisinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün 1938-ci ildə istifadəyə verilmiş, su tutumu 4 m3 olan Zeyxur, 1955-ci ildə istifadəyə verilmiş, su tutumu 45 m3 olan, 24, 7 km.-lik hissəsi rayon ərazisindən keçən Samur-Abşeron, 1975-ci ildə istismara verilmiş, uzunluğu 64 km, su tutumu 9,5 m3 olan Cağar-Cibir və rayon ərazisindəki 24 km-lik hissəsi 2003-cü ildə istismara verilmiş, su tutumu 30 m3 olan Xanarx kanallarından istifadə edilir.