Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Region haqqında
Tarix

Şabran

Alimlərin, xüsusi ilə arxeoloqların, etnoqraflarımızın axtarışları Azərbaycanın qədim insan məskənlərindən, Azərbaycanlıların isə zəngin əkinçilik mədəniyyətinə malik olan xalqlardan biri olduğunu sübut etmişdir. Şabranın sakinləri də ta qədim dövrlərdən başlayaraq əkinçilik, bağçılıq, bostançılıqla məşqul olmuş və zəngin təsərrüfat mədəniyyəti yaratmışlar. 

Etnoqrafik materiallar bunu deməyə əsas verir ki, rəncbər-əkinçilərimiz torpağa daim öz dolanacaqlarının, keçinəcəklərinin əsası kimi baxmış və buna görə də ona övlad qayğısı ilə yanaşmışlar. Torpaqdan yüksək məhsul götürməyin başlıca yolunu onun şumlanmasında, əkinə hazırlanmasında, səpinin vaxtında keçirilib, suvarılmasında görən ata-babalarımız öz həyat təcrübələrində torpaqla bağlı belə bir kəlamı həmişə özləri üçün meyar götürmüşlər: "torpaq deyər öldür məni dirildim səni". Torpağı "öldürmək" üçün gərək onun altını üstünə çevirəsən, yəni şumlayasan, toxum səpib mala çəkəsən, suvarıb becərəsən, sonrada məhsul götürüb, həm özün faydalanasan, həm də torpağın üzünü ağ, öz başını uca eləyəsən. Əkinçilərimiz bura onu da əlavə ediblər ki, "istəyirsən bal çörək, al əlinə bel kürək". 
Hər şeydən əvvəl əkinçilərimiz Azərbaycanın aranına, dağına, guneyinə quzeyinə çox yaxşı bələd olmuş və buna görə də müxtəlif təbii-coğrafi şəraitə, torpaq örtüyünə uyğun olan taxıl, bostan, tərəvəz, habelə meyvə bitkiləri əkib-becərmişlər. 
Əkinçilərimiz deyirlər ki, əkinçi torpağın dilini bilməli, onu ovcuna götürüb hansı bitki üçün yararlı, sərfəli olduğunu müəyyən etməyi bacarmalıdır. 
Əkinçilərimizin torpağı becərməsi sahəsindəki zəngin təcrübəsini biz həm də xalqın müxtəlif torpaq iqlim şəraitinə cavab verən şum alətləri yaratmasında aydın görürük. Xalq, şumlanması daha çətin, əkinçilərin dili ilə desək xam, dəmyə, quramit torpaqların əsasən kotanla, qumlu, köhnə əkin altından çıxmış dağavar kövşənliklərin isə xışla şumlanmasını öz təcrübələrində müəyyən etmişdir. Torpağı torpaqdan, yeri-yerdən seçən əkinçilərimiz məhz bu səbəbdən quruluşuna, habelə torpağı şumlama xüsusiyyətlərinə görə bir-birindən fərqlənən xış, girdəxış, kolaxış, ulamalıxış, çatmaxış, işgillixış, diyircəkli kotan və qara kotan kimi şum alətləri kompleksi yaratmışlar.
Əkinçilərimizə bu da bəlli olmuşdur ki, güney yerin torpağı ilə quzeyin torpağı arasında, onların məhsuldarlığı, həm də əkinə hazırlanması prosesində müəyyən fərqlər vardır.
Əkinçilər torpağın əkin-biçinə yararlılığının bir əlamətini də onun güntutarlılığında görərdilər. Adətən güney torpaqları daha çox günəş döydüyündən, orada taxıl əkilib-biçilərdi. Məhz bu səbəbdən eldə-obada güney torpaqlar quzeyə nisbətən daha üstün qiymətləndirilərdi.
Torpağın gübrələnməsi üçün əkinçilər əkin qabağı bir neçə gün qoyun sürüsünü əkiləcək sahədə saxlar, sürünü gecələr də orada yatırardılar. Ümumiyyətlə, əkinçilərimizlə maldarlarımız arasında tarixən belə bir qayda mövcud olmuşdur ki, qoyun sürüləri kövşəndə otarılardı. Bununla əkin sahibləri torpağın gübrələnməsinə, qoyunçular isə sürünün kövşəndə dən yeməsinə nail olardılar. Xalq təcrübəsindən bəllidir ki, kövşən otlamayan, dən görməyən qoyun sürüsündən kəpənək qurdu xəstəliyi əksik olmaz. Çobanların təcrübəsindən məlumdur ki, dən yeməyən qoyunun ciyərlərinə kəpənək qurdu düşür, bu da heyvanın ömrünü xeyli azaldır. 
Azərbaycan əkinçiləri yerli şəraitdə, müxtəlif xəstəliklərə, dözümlü olan Sarıbuğda, Ağbuğda, Qaraqılçıq, Gürkani, Xırdabuğda, Zərdəbuğda, Kosabuğda, Qırmızıbuğda, Kələgəndüm kimi, xalq seleksiyasının məhsuludur.
Dünya görmüş rəncbərlərimiz deyirlər ki, Sarıbuğdanın qovurqası, bir də ki, hədiyi ələ düşməzdi. Ənənəvi buğdalarımızın unundan hazırlanan xingəl, xəşil, əriştə kimi xəmir xörəklərimiz, təndirdə bişirilən çörək süfrələrinin bəzəyi olmuşdur. Kəndin bu başında təndirdə bişirilən Sarıbuğda çörəyinin ətri, kəndin o biri başına yayılardı. Eldə-obada deyərdilər ki, Sarıbuğda çörəyi yeyənin qarnı dəmirdən gərək.Şabran əhalisi biçilən taxılı üyütmək üçün daş dənəzənlərdən və kirkirələrdən istifadə edirdi.Müasir Şabranda isə taxıl məhsullarını üyütmək daha asandı.Çünki rayonda Azərbaycanın ən böyuk sənaye müəssisələrindən biri olan Dəvəçi Dəyirman açıq tipli səhmdar cəmiyyəti fəaliyyət göstərir.Rayon özünün "Dəvəçi"unu ilə xüsusi şöhrət tapıb. Şabranda hal-hazırda əkin sahələrində arpa,buğda,qarğıdalı,noxud,darı,kartof,tərəvəzlər,çoxillik ot və.s becərilir.Rayonda bostançılıq da inkişaf edib.Rayonun digər inkişaf etmiş sahəsi isə meyvəçilik və üzümçülükdür.Şabran rayonunda 1666 hektar meyvə bağı,381hektar isə üzüm bağları salınmışdır.
Şabran torpağı tarixən, həm də zəngin çəltiyi, düyüsü ilə məşhur olmuşdur. Respublikanın Quba-Xaçmaz, Lənkəran-Astara, Zəngilan-Qubadlı, Qarabağ, Şirvan, Naxçıvan kimi tarixi-etnoqrafik zonaları çəltikçiliyin geniş yayıldığı ərazilərdən idi.Çəltiyin döyülüb təmizlənməsində istifadə olunan ding adlanan alət qədim Şabranın etnoqrafiyasını əks etdirən ən yaxşı nümunələrdən biridir.Ümumiyyətlə, Azərbaycan xalqının məişətini, həyat tərzini düyüsüz, düyü xörəkləri olmadan təsəvvür etmək olmaz. Zonadan asılı olmayaraq xalqımızın xeyir və şər mərasimləri bilavasitə düyü xörəkləri üzərində qurulmuşdur. Xalq mətbəximizdə səbziplov, şüyüdplov, qovurmaplov, basdırmaplov, qırmanplov, çilliplov, küdüplov, cücəplov və ümumiyyətlə 50-dən artıq plov növünün mövcudluğu da dediyimizə sübutdur. Şabran, Zəyzit, Talış düyüsü olmadan Azərbaycanda toy mərasimi keçirilməzdi. Aşağıdakı qədim folklor nümunəsi də bunu deyir:

Kosam bir oyun eylər,
Qurdunu qoyun eylər.
Yığar Şabran düyüsün,
Oğlunun toyun eylər.

Düyülərimiz, onların keyfiyyəti Azərbaycanda olmuş əcnəbi səyyahların diqqətindən yayınmamış və xarici bazarlarda həmişə yüksək qiymətləndirilmişlər. 1669-cu ilin sentyabrında Şabranda olmuş holland səyyahı Jan Streys burada ən əla ağ düyü növü yetişdirildiyini qeyd etmişdir.
XV əsrin 80-ci illərində Azərbaycanda olmuş Venesiya səyyahı Ambrocco Kontarini bağlar haqqında məlumat verərək yazır ki, Şabran şəhərində o qədər gözəl meyvələr, xüsusi ilə alma yetişir ki, onlara baxanda adam öz gözlərinə inanmır. 1796-cı ildə burada olmuş P.Butkov yazır ki, burada hər bir həyətdə meyvə ağacları olan bağ vardır. 
Şabranda bağçılığın-bostançılığın,o cümlədən üzümçülüyün də inkişaf etdiyini yazılı mənbələrlə yanaşı,arxeoloji qazıntılar zamanı tapılan bel,dəhrə,meyvəçilikdə istifadə olunan"bağ qayçısı",meyvə tumları,həmçinin dövrümüzədək saxlanmış "Şabrani"adlı alça və üzüm növləri sübut edir.
Qoz və onun növ müxtəliflikləri Azərbaycanda çoxdan məlumdur. Onun ləpəsi məclislərimizin ləziz çərəzlərindən olmaqdan başqa, həm də bir sıra şirniyyat məhsullarımızın hazırlanması üçün birinci növ məhsul hesab edilmişdir.Məişətimizdə, toy-düyünlərimizdə geniş istifadə edilən şəkərbura, paxlava, alani, minyapur, qozçeçəsi, qoz mürəbbəsi, imambayıldı və s. kimi məhsullar bilavasitə qozdan hazırlanardı. Bunlar isə Şabranlıların bayram, mərasim süfrələrinin birinci azuqəsi sayılırdı.
Təkcə bir faktı xatırladaq ki, XIX əsrin 80-ci illərində Quba qəzasından hər il dənizlə həştərxana və Nijni Novqoroda 12 min pud armud qurusu, 80 min pud alma qurusu, 12 min pud lavaşa göndərilirdi. Həmin əsrin 90-cı illərində Ordubaddan hər il 15 min pud ərik qurusu ixrac edilirdi. Azərbaycan kəndlisinin qurudulmuş meyvə məhsulları neçə-neçə Ümumrusiya sərgilərində nümayiş etdirilmiş və özünəlayiq yer tutmuşdur.
Adam Olearinin Azərbaycanda üzümdən hazırlanan doşab, riçal və digər məhsullar haqqında verdiyi bəzi məlumatları xatırlamaq yerinə düşərdi. Səyyah yazır ki, Azərbaycanda şərab çəkmir və şərab içmirlər. Lakin yerli əhali üzümdən şirə çəkir və ondan bir cür məhsul hazırlayırlar ki, buna da doşab deyirlər. Bu doşabı su ilə qarışdırır və bir azda sirkə əlavə edirlər. Həmin qatışıqdan çox ləzzətli içki alınır. Müəllif bu haqda məlumat verərək göstərir ki, doşabı çox vaxt o qədər qatı bişirirlər ki, onu ancaq kəsmək olur.
Qeyd edək ki, Oleari təkcə doşab haqqında deyil, həm də ondan halva, sucuq kimi şirniyyatlar hazırlanmasından bəhs edir və yazır ki, Təbrizdə bu cür doşabdan xüsusi şirniyyat hazırlayırlar və ona halva deyirlər. Halva bişirmək üçün doşaba ovulmuş badam ləpəsi, buğda unu və qabığı arıdılmış qoz ləpəsi qatırlar, bütün bunlardan uzunsov şirniyyat hazırlayırlar ki, adına "sucuq" deyilir. Bəli, bu alman aliminin orta əsrlərdə Azərbaycanda üzüm məhsulları haqqında verdiyi qiymətli məlumatlardandır.
Bura onu da əlavə edək ki, bəkməz, doşab, riçal məhsulları isə süfrələrimizin bəzəyi, bir sıra xörəklərimizin tamı, ləzzəti hesab olunardı. Hələ onu demirik ki, qəndin, mürəbbənin qıt olduğu vaxtlarda riçal, bəkməz onları çox asanlıqla əvəz edərdi.
Nəhayət, bu qəbilli məhsullarımızın tibbi, müalicəvi əhəmiyyət kəsb etməsini də yada salmaq istərdik. Loğmanlarımızın dediyinə görə bəkməz, doşab qan təzyiqinin tənzimləyicisi, öskürəyin qənimidir. El arasında qaraciyər və məxmərək xəstəliyinə tutulanları loğmanlarımız yenə bəkməzlə müalicə etmişlər.


Şabranda sənətkarlıq sahələri
Dulusçuluq.Şabranda müxtəlif sənətkarlıq sahələri inkişaf etmişdi.Bunlardan dulusçuluq,metalişləmə,sümükişləmə,daşişləmə,ağacişləmə,şüşə istehsalını xüsusi ilə qeyd etmək lazımdır.Şabranda gedən arxeoloji tədqiqatlar zamanı tapılan müxtəlif saxsı məmulatları burada dulusçuluğun inkişaf etdiyinin əyani sübutudur.
Tədqiqatçılar burada 14 dulusçu emalatxanasının olduğunu ehtimal edirlər.Şabranda aşkar olunan saxsı məmulatlarının xronologiyası dörd dövrü əhatə edir.Birinci dövr III-VIIIəsrlər,ikinci dövr IX-XI əsrlər,üçüncü dövr XII-XIII əsrlər,dördüncü dövr XIV-XVIII əsrlər.
Birinci dövrə aid olan saxsı qablar əsasən əldə formalaşdırılmış və şirsizdirlər.
İkinci dövrdə saxsı əşyaların hazırlanması texnikası nisbətən təkmilləşir və anqoblu(astarlı) monoxrom(yaşıl və qəhvəyi rəngli)şirli qablar meydana çıxır.
Üçüncü dövrə aid saxsı məmulatı içərisində kaşılar,su tüngləri,nəbati heyvan və insan təsvirləri ilə bəzədilmiş saxsı qablar,zoomorf əşyalar üstünlük təşkil edir.
Dördüncü dövrdə isə artıq saxsı məmulatları içərisində zoomorf əşyalara təsadüf olunmur,polixrom saxsı qablar üstünlük təşkil edir.
Şabranda istehsal olunan qabların altına vurulan möhürlər də xüsusi maraq doğurur.Tədqiqatçılar bu möhürlərin formasına əsasən Şabranda müxtəlif dövrlərdə 14 dulusçu emalatxanasının olduğunu ehtimal edirlər.Arxeoloji qazıntılar nəticəsində buradan iri həcmli küplər,yağdanlar,çıraqlar,bardaqlar,kuzələr,müxtəlif süfrə qabları, ,mitlaxlar,kaşılar,gildən hazırlanmış üzüklər,muncuqlar, düymələr və s dulusçuluq məmulatları aşkar etmişlər.Şabranda istehsal olunmuş dulus məmulatları Azərbaycanın başqa orta əsr abidələrinin məmulatlarından həm keyfiyyət həm də kəmiyyətinə görə fərqlənirdi.Bəzi tədqiqatçılar Şabranı Azərbaycanın digər şəhərlərini öz məmulatı ilə təmin edən iri saxsı mərkəzlərindən biri olduğunu ehtimal edirlər.Şabranda istehsal olunan saxsı qab nümunələrinə Azərbaycanın digər orta əsr şəhərlərində və Bakıda təsadüf edilməsi bu cür oturacağı möhürlü qabların məhz Şabrandan başqa yerlərə gətirildiyini deməyə əsas verir.
Metalişləmə.
Dulusçuluqla bərabər,Şabranda metal emalı yüksək inkişaf səviyyəsinə çatmışdır.Bunu arxeoloji tədqiqatlar zamanı tapılan müxtəlif kənd təsərrüfat alətləri,məişət və zərgərlik məmulatları,kosmetik ləvazimatlar,numizmatik materiallar və s.sübut edir.
Şabran şəhərində qazıntılr zamanı IX-XIII əsrləri əhatə edən təbəqədən mis çıxarlar,metal əritmək üçün odadavamlı puta,qəliblər,həmçinin dəmir alət qalıqları aşkar olunmuşdur.Bütün bunlar tədqiqatçılara imkan vermişdir ki,orada inkişaf etmiş orta əsrlər dövründə mis məhsulları istehsal mərkəzinin olması qənaətinə gəlsinlər.
Şabrandan misəritmə sobaları da aşkar olunmuşdur.
Buradan yerli istehsal məhsulu olan mis camlar da tapılmışdır.Döymə,zərbetmə,qaynaq,cilalama yolu ilə hazırlanmış bu camların çox da hündür olmayan dabanlı oturacağı vardır.
Əldə olunan mis məmulatlar sübut edir ki,IX-XIII əsrlərdə yüksək inkişaf səviyyəsinə çatmış mis istehsalında sənətkarlar müxtəlif texniki üsullardan(tökmə,döymə,zərbetmə,burma,möhürləmə,deşmə və s.) geniş istifadə etmişdilər.
Azərbaycanda metal işləmə sənətini tədqiq edən F.İbrahimovun fikrincə,misgər emalatxanası olan yerdə adətən zərgərliklə də məşğul olurdular.Bu mülahizəni aşkar edilən maddi mədəniyyət nümunələri də sübut edir.Şabranda həmin emalatxanada misgər və zərgərlərin fəaliyyət göstərməsini dəstəyin ucu içəriyə doğru əyilmiş kəlbətin hissələri,ikidişli çəngələbənzər alət qırığı,qarmağabənzər ucu olan əşya və s.sübut edir.
Şabranda misgərliyə aid alətlər-dətəyin ucu qarmaq şəklində xaricə qatlanmış,yaxud da dairəvi,dördbucaqlı tutqac hissələri olan kəlbətin qırıqları da tapılmışdır.
Şabranda aşkar olunmuş mis əşyalar arasında piyalələr,kəmərbaşlıqları,boru,zəncir,üzük, və s.vardır.
1986-cı il qazıntılar zamanı tapılmış qadın kosmetik ləvazimatı dəsti,mis həvəngdəstə,ərsin tipli əşya Azərbaycan metalişləmə sənətinin ən yaxşı,nadir nümunələrindəndir.
Misdən hazırlanmış iki ədəd çəki daşı da diqqəti cəlb edir.
Misdən tökmə üsulu ilə hazırlanmış məmulatlardan biri də ərsin tipli əşyadır.
Zərgərlikdə döş asması və ya baş bəzəyi hazırlamaq üçün qəlib kimi istifadə edilməsi ehtimal olunan narın gildən düzəldilmiş dairəvi,yastı formalı,üzərində oyma üsulu ilə şəbəkəli,yarpaqvari romb həkk edilmiş əşya da Şabran zərgərlərinin zərif sənət əsərləri yaratmasını təsdiq edir.
Yuxarıda deyilənlərlə yanaşı,tarixi mənbələrdə haqqında məlumat verilən,Şabran şəhərini bütün dünyada məşhurlaşdıran,qızılın əyarını müəyyən etmək üçün işlədilən məhək daşları da arxeoloji qazıntılar zamanı tapılmışdır.
Məhək daşları,qızıl üzük,içərisində qızıl qalıqları saxlanmış sancaq qəlibi Şabran sənətkarlarının həmin metaldan məmulatlar da hazırladığı sübut edir.
Metal oxucluqları,xəncər,qılınc,barmaqlıqlar və s. dövrün hərb sənəti haqqında da təsəvvür yaratmağa imkan verir.Qeyd etmək lazımdır ki,aşkar olunan metal məmulatlarının texnoloji cəhətdən hazırlanma xüsusiyyətləri,onların formaca müxtəlifliyi və estetik tərtibatı Şabranda XII-XIV əsrlərdə bu sənətin,xüsusilə hərb sənəti-döyüş ləvazimatı sahəsində istehsal edilən məmulatların yüksək inkişaf səviyyəsində olduğunu göstərir.
Arxeoloji tədqiqatlar zamanı hərbdə istifadə olunan nizə və xəncərlərin əsasən tiyə və dəstək hissələri aşkar olunmuşdur.


Şüşə istehsalı
Arxeoloji qazıntılar zamanı üzərində Şabranda istehsal olunması haqqında yazısı olan məmulat hissəsi,bir sıra çıxarlar,müxtəlif ölçülü borular,oxlar,dəmir çömçə,qayçılar,cilalayıcı tunc alətlər,taxta şotka,sürətlə fırlanan disk boru da şüşə istehsalı mərkəzinin olduğunu sübut edir.
Şabranda aşkar edilən şüşə məmulatları əsasən banka,küzə,piyalə,dərman və ətir qabları,amulet,bilərziklər,pəncərə şüşələri qırıqları və s.ibarətdir.Onlar təyinatına görə mətbəx qabları və əzzaçılıq-parfümeriya məmulatlarına bölünür.
Əsasən içərisində ətir saxlanan,kütləvi surətdə istehsal olunan Şabran flakonlarının müxtəlif formalı,o cümlədən nadir nümunələri də vardır.Son dərəcə zərif olan bu flakonlardan biri XI əsrin sonu XII əsrin əvvəllərinə aid edilib.
Şabranda şüşə istehsalının inkişafı ilə əlaqədar olaraq külli miqdarda müxtəlif formalı bəzək əşyalarına-muncuqlara,bilərziklərə,üzüklərə təsadüf olunmuşdur.
Saxsı əşyalara nisbətən şüşədən daha çox gözmuncuqları düzəldilirdi.Onların üzərinə kiçik ağ,qırmızı,sarı,yaşıl dənəciklər yapışdırılmış girdə qara,mavi,göy,qəhvəyi şüşələrdən düzəldilirdi.
Şabranda şüşə istehsalının inkişafına imkan verən tərkibində silisium oksid olan dəniz qumu bu sənətkarlıq sahəsinin əsasını təşkil edirdi.Azərbaycanda istehsal olunan bütün sənətkarlıq mərkəzlərinin Xəzər dənizi qumundan istifadə etdikləri fikrini tədqiqatçılar iddia edirlər.Bundan başqa,tərkibində natrium oksid,maqnezium oksid,kalium oksid,qismən bariumda olan torpaqlar Şabranda şüşə istehsalının ikinci mühüm amilini təşkil etmişdir.
Şabran sənətkarları şüşə istehsalında sərbəst üfürmə,qəlibdə üfürmə,tökmə,dartma,qaynaqetmə və s. üsullardan istifadə etmişlər.
Arxeoloji qazıntılar zamanı üzərində Şabranda istehsal olunması haqqında yazısı olan şüşə qab qırığının tapılması burada şüşə emalı ocağının olduğunu sübut edir.
Hazırlanan məhsulun təyinatından asılı olaraq şüşənin tərkibi müxtəlif olurdu.Tədqiqatlar Şabran sənətkarlarının XV-XVII əsrlərdə pəncərə şüşələri də istehsal etdiyini sübut edir. 
Sümükişləmə 
Arxeoloji tədqiqatlar zamanı aşkar olunan sümük iynə,düymə,daraq,ülgüc dəstəyi,üstündə konsentrik dairələr olan müxtəlif əşya qulpları,XII-XIII əsrlərə aid düzbucaqlı formalı amulet,barmaqlıq tütək,1980-1981-ci ildə ikinci qazıntı sahəsinin şimal-qərbində arxeoloji tədqiqatlar zamanı 3 m dərinlikdə aşkar olunan külli miqdarda iri və xırda buynuzlu mal-qara sümükləri ilə yanaşı,kəsilmiş maral buynuzu hissələri və s. Şabranda sümükişləmə sənətinin də inkişaf etdiyini göstərir.
Şabranda monqol ağalığı dövründə aid edilən ,üzəri cilalı,aşağı hissəsində ovalşəkilli şıxıntısı olan,ellipisvari sümük barmaqlığın hərbi məqsəd daşıdığı və ox atılması zamanı yardımçı vasitə olduğu ehtimal olunur.
Şabranda tapılan sümük düymələr bəziləri kəsik konus formalı olub,üzərində kiçik dairələr və xətlər həkk olunmuşdur.
Şabranın osteoloji qalıqları içərisində olan kəsilmiş maral buynuzu hissələri ondan müxtəlif məqsədlər üçün istifadə edildiyini göstərir.


Daşişləmə
Şabranda daşişləmə sənəti də yüksək inkişaf səviyyəsinə çatmışdır.Bunu forma -qəliblər,çəki daşları, dənəzənlər,tikintidə istifadə olunan üzlük daşlar,daş novalçalar,möhürlər və başqa memarlıq nümunələri sübut edir.Şabranda arxeoloji qazıntılar zamanı aşkar edilən hündürlüyü 60sm,diametri 25 sm olan silindr formalı daş vərdənə də Şabranın daşişləmə sənətkarlarının fəaliyyətindən xəbər verir.Hər iki tərəfində 10 sm uzunluqda dəstəyi-çıxıntısı olan bu əşyadan evlərin üstünü örtərkən istifadə edildiyi ehtilmal olunur.Daşişləmə sənətinə aid ən mühüm tapıntılardan biri də daş novlardır.Şabranda hələlik onlardan bir neçə ədəd tapılmışdır.Bu novlardan şəhərin su təchizatı ilə yanaşı ,əsəsən çirkab sularının axıntısı üçün də istifadə edildiyi ehtimal olunur.Şabran sənətkarları qiymətli daşlardan bəzək əşyaları düzəltmək üçün istifadə edirdilər.Bu məqsədlə əqiqdən,firuzədən,karneoldan və s. istifadə olunurdu.Onların içərisində səthi hamar,dairəvi və ya sferik formalı əqiq muncuqlar üstünlük təşkil edirdi.Qiymətli metaldan məmulat hazırlamaq üçün Şabran qazıntıları zamanı iki daş qəlib də tapılmışdır.Şabran sənətkarlarının istifadə etdiyi daş əşyalar içərisində emalatxanalarda işlənən alətlər də diqqəti cəlb edir.
Onu da qeyd etmək lazımdır ki,Şabran məhək daşı və "Şabran daşı" ilə də tanınırdı.Yazılı tarixi mənbələrdə "Şabran daşı" adlanan məfhum haqqında onu da qeyd etmək lazımdır ki,arxeoloq M.Xəlilov Nizami Gəncəvinin "İsgəndərnamə"poemasına əsaslanıb,bu şəhəri dünyada məşhurlaşdıran onun məhək daşı və əfsanəvi Turan hökmdarının Şabrandakı zindanının ağzına qoyulan nəhəng daş haqqında məlumatın orta əsrlər dövründə dünyada geniş yayıldığını göstərir.
Ağacişləmə
Şabranda baxmayaraq ki,dülgərlik məmulatları torpaqda çürüdüyünə görə dövrümüzədək saxlanmamışdır,burada ağacişləmə sənətinin də inkişaf etdiyini qeyd etmək lazımdır.Buradan qazıntılar nəticəsində tapılan bəzi maddi mədəniyyət nümunələri də deyilənləri təsdiq edir.Şabranın arxeoloji tədqiqi zamanı aşkar olunan ,yanıb kömürləşmiş ağac parçasının pəncərə və yaxud qapıya aid hissə olduğunu güman etmək olar.Təxminən 1 m-dək uzunluğu olmuş bu şəbəkəli taxta parçası naaxışlanarkən dülgərlər oyma,kəsmə usullarından istifadə etmişlər.Onu da qeyd edək ki,Şabran qazıntıları zamanı dülgərliyə aid alətlər də tapılmışdır.

Şabranın memarlıq abidələri. 
Şabran sənətkarlarının məharəti yüksək səviyyədə inkişaf etmiş şəhərsalma mədəniyyəti,memarlığında da öz əksini tapmışdır.
Şəhərdəki ayrı-ayrı tikinti qalıqlarından aydın görünür ki,burada tikililərdə bişmiş və çiy gil kərpicdən, çaydaşı,həmçinin əhəngdaşından,hamarlanmış qaya parçalarından inşaat materialı kimi istifadə edilmişdir.Yapışdırıcı maddə kimi əsasən əhəng məhluluna üstünlük verilmişdir.Bunun ən yaxşı nümunəsi Şabran qala divarlarıdır.
XII əsr müəllifi Yaqut Həməvi Şabran ətrafı iri daşlarla dövrələnmiş,möhkəmləndirilmiş şəhər kimi təsvir etmişdir.
Ümumiyyətlə,maddi və yazılı mənbələr Şabranda aşağıdakı qalaların mövcud olduğunu ehtimal etməyə imkan verir: I.Sasanilərin dövründə ordunu saxlamaq üçün tikilən qala; II.Z.Bünyadovun göstərdiyi ərəb hücumları dövründə dağıdılan qala; III. 973-983-cü illərdə tikilən qala; IV. V.Səfəvilər dövründə İbrahim paşa və Zülfüqar xan tərəfindən tikilən qalalar; həmçinin (VI) bu dövrə aid Osmanlılar tərəfindən tikilən başqa bir qala; VII. Qubalı Fətəli xanın tikdirdiyi qala ; VIII. XVIII əsrə aid rus səyyahı Q.P.Butkovun təsvir etdiyi qala; IX. A.Bakıxanovun 1743-cü il Şirvan üsyanı ilə əlaqədar haqqında məlumat verdiyi Şabrançayın sol sahilindəki qala; X. Doktor Lerxin təsvir etdiyi 12 yarımdairəvi çiy kərpic bürcü olan qala; XI-XII. Şabran şəhər yerində arxeoloji qazıntılar zamanı aşkar olunan qalalar.
1623 -cü ildə Şabranda olmuş moskvalı tacir F.A.Kotov bu şəhərin sənətkarlıq məhəllələrin daşdan tikildiyi və yalnız bir qala divarinin olmasını,daş bürcünün isə dağıdılmış olduğunu göstərir.1667-ci ildə Şabrana gələn holland dənizçisi Yan Streys isə hər tərəfi açıq kiçik şəhəri xatırladır.
Şabranda aparılacaq arxeoloji qazıntılar gələcəkdə mənbələrdə haqqında məlumat verilən qalalara dair daha müfəssəl biliklər əldə etməyə imkan verəcək.Deyilənlər həm də bizə imkan verir ki,qalasının 1609-cu ildə tikilməsi haqqında tarixi ədəbiyyatda verilən məlumatın Şabranın yalnız bir qalası barədə olan mənbəni əks etdirdiyi mülahizəsini irəli sürək.
Şabranın əyalət mərkəzi kimi ölkənin ictimai-iqtisadi siyasi həyatında mühüm rol oynaması onun möhtəşəm sarayları,zərbxanası,cəbhəxana-topxanası,inzibati binaları,o cümlədən həbsxanasının olmasında öz əksini tapmışdır.
1980-cı il qazıntıları zamanı aşkar edilən atəşpərəstlər məbədi isə səkkiz otaq və iki zaldan ibarətdir.
1982-ci ildə Şabrançayın sağ sahilində geniş yahudi məhəlləsi arxeoloji qazıntılar zamanı aşkar olunub.
Onu da qeyd etmək zəruridir ki,dəfələrlə hücumlara məruz qalıb,iqtisadi amil ucbatından tədricən tənəzzül edən Şabranda artıq XVIII əsrdə memarlıq tamamilə geriləmişdi.Belə ki,alman səyyahı,həkim Lerx bu ərazidən keçərkən,artıq yuxarıda qeyd etdiyimiz kimi,tamamilə dağıdılmış Şabranda yaşayışın yalnız Şabrançayın sol sahilində-torpaq qala divarları daxilində olduğunu qeyd etmişdi. O yazardı ki,mən oraya atla gedib,qapıdan içəri keçəndə alçaq gil kərpicdən tikilmiş və üstü samanla örtülən evləri gördüm.
Şəhərin memarlıq abidələri içərisində məbədlərin ,məscid-minbərin olduğunu tarixi mənbələr xəbər verir.Ö.Çələbi şəhərdə 70 səcdəgahın olmasını,onlardan ən məşhurlarının isə Tokmak xan, Əfşar xan, Uzun Həsən məscidləri olduğunu göstərmişdir.
Arxeoloji qazıntılar zamanı Şabrançayın sağ sahilində aşkar olunan müsəlman qəbristanlığı ,həmçinin məscid-minbərin bəzədilməsində istifadə olunan çoxlu kaşı nümunələrinin tapılması yaxınlıqda belə bir səcdəgahın olmasını ehtimal etməyə imkan verir.Ərazidə aparılacaq qazıntıların nəticələri bu barədə daha ətraflı məlumat əldə etməyə imkan verəcək.
Şabranlıların tikinti quruculuq sahəsində əldə etdikləri nəaliyyətlər içərisində beşinci qazıntı sahəsində XII-XIII əsrlərə aid ictimai bina diqqəti cəlb edir.Buradakı səkkiz otaqdan birinin qapısı və pəncərəsi olmayan ,divarları suvanmış zirzəmi xarekterli tikintisi onu hər şeydən əvvəl ,həbsxanaya məxsus zindan olması ehtimal etməyə imkan verir.Uzunluğu 2,90 m, eni 2,30 m olan bu otağın divarlarının qalınlığı 60 sm-dir.Qırmızı bişmiş kərpicdən hörülmüş həmin otağın şimal-şərq hissəsində ,otağın döşəməsindən 2,90 m hündürlükdə yerləşən qapısının eyni zamanda ikinci mərtəbədəki otağa giriş hissə olması ehtimal edilir.Görünür ,buradakı zindan hesab olunan zirzəmiyə pilləkənlə düşürlərmiş.İçəri hissəsi suvanmış bu otağın cənub-qərb küncündə aşkar edilən tunc qazan-tiyan və onun yuxarı hissəsində divara bərkidilmiş zəncir parçası,məhz bu zindana salınan şəxsin zəncirlənmiş halda saxlandığını ehtimal etməyə bizə əsas verir.
Müasir dövrədək yerüstü abidə kimi qalıqları saxlanmış qədim Şabran körpüsü orta əsr Azərbaycan memarlıq sənətinin ən yaxşı nümunələrindən hesab oluna bilər.Üç tağının əsasının qalıqları aydın görünən bu körpü hal-hazırda Bakı-Quba magistral yolunun sol tərəfində,Ərəblər və Pirəmsən kəndləri hüdudundadır.
Şabran şəhərinin abadlığından bəhs edərkən burada XI-XII əsrlərə aid küçəni üstüörtülü kanalizasiya sistemini ,su tüngləri,hamam və s.qeyd etməmək olmaz.Onu da nəzərə almaq lazımdır ki, Ö.Çələbi Şabranda 80 küçənin olduğunu qeyd etmişdir.
Arxeoloji qazantılar zamanı Şabranda aşkar olunan daş döşənmiş küçələr bu şəhərin abadlığı haqqında müəyyən mülahizələr irəli sürməyə imkan verir. 
Şabran şəhərinin planına nəzər salsaq görərik ki,Azərbaycan başqa orta əsr şəhərlərindən fərqli olaraq XI əsrdə burada üstüörtülü kanalizasiya sistemi mövcud olmuşdur.Bunu qazıntılar zamanı tapılan çaydaşlarından düzəldilmiş tikinti qalığı sübut edir.
Bundan başqa,şəhərin abadlıq işlərindən bəhs edərkən 1935-ci ildə aşkar olunan hamamı da göstərə bilərik.Heç də təsadüfi deyil ki,Övlüya Çələbi hamamları olan Azərbaycan şəhərləri içərisində Şabranın da adını çəkir.
Şabran şəhərinin su ilə təchizi məsələsinə gəldikdə demək lazımdır ki, şəhərin ətrafında kəşfiyyat səfəri zamanı qədim kəhrizlərin olduğu müəyyən edilmişdir.
Bununla yanaşı ,arxeoloji tədqiqatlar zamanı müxtəlif yerlərdə bir-birinə keçirilmiş tünglər vasitəsilə şəhərə su gətirildiyi müəyyən edilmişdir.Bu saxsı tünglər suyun təzyiqindən,təbii dağıntılardan qorumaq və möhkəm saxlamaq üçün onun altı və yanları bişmiş gil kərpiclə əhatə olunurdu.
Qeyd etmək lazımdır ki, Şabran şəhəri yerində qazıntılar zamanı uzunluğu 5 m olan su arxı qalıqları da üzə çıxarılmışdır.
Göründüyü kimi,XIV əsr Yan Streysin də qeyd etdiyi kimi,Şabranda suyun içməli olmaması üzündən,şəhərin abadlığı və əhalinin təlabatını ödəmək üçün uzaq məsafədən su kəməri çəkilmişdir.
Şabrandan arxeoloji qazıntılar nəticəsində üzə çıxarılan su kəmərinə oxşar tünglər Azərbaycanın ,Orta Asiyanın,Ön Qafqazın bir sıra orta əsr abidələrindən də aşkar edilib.


TİCARƏT ƏLAQƏLƏRİ VƏ PUL DÖVRİYYƏSİ

Orta əsrlər dövründə möhtəşəm Şabran şəhəri güclü iqtisadi potensiala malik olmuşdur.Bu isə onun daxili və xarici ticarət əlaqələrinin inkişafına zəmin olmuşdur.Arxeoloji qazınlılar zamanı tapılan iki mindən çox sikkə, Şabrançayın sağ sahilində aşkar edilən zərbxana,orada işlənən alətlər,yarımfabrikat pullar və s. burada orta əsrlər dövründə Azərbaycan ən böyük zərbxanalarından birinin olduğunu sübut edir.
Qeyd etmək lazımdır ki,Şabranda eramızın əvvələrində natural mübadilə ilə yanaşı,bütün Sasani imperiyasında olduğu kimi,draxmadan da tədavül vasitəsi kimi istifadə olunduğunu ehtimal etmək olar.
Ərəb işğalları ilə əlaqədar olaraq əvvəlcə,Sasani-ərəb dirhəmləri dövriyədə istifadə olunurdusa, 696-ci ildən başlayaraq Əbdülməlik ibn Mərvanın pul istehsalından sonra tamamilə müsəlman tipli dinar və dirhəmlər zərb olunmağa başlayır.Qızıl dinar Dəməşqdə, Xilafətin bütün zərbxanalarında isə gümüş dirhəmlər kəsilirdi.Əsasən anonim kəsilmiş(yəni kimin adından və harada kəsildiyi məlum olmayan) xilafələr dövrində aid (bir sıra müstəsna halları nəzərə almasaq)dinarlar Azərbaycan numizmatik fonduna düşməsə də, onlar əsas tədavül vasitəsi deyildi.
Qeyd etmək lazımdır ki, Xilafət dövründə Ön Qafqazda ərəblərin mövcud olan səkkiz zərbxanasından birinin məhz siyasi-inzibati mərkəz hesab edilən Şabranda olduğu ehtimal edilir.Bütün zərbxanalarda olduğu kimi ,burada da zərbçi,qravür edən,əyarı müəyyən edən ,vergi toplayan amilin çalışdığı güman olunur.Digər əyalətlərdəki kimi,Şabranda da zəərb işi canişinlərin nəzarətində idi. Tədqiqatçılar onların əvvəlcə fels,sonralar təlabata uyğun olaraq dirhəm,dinar zərb etdikləri qənaətindədirlər.
Quba rayonu Rustov dəfinəsindən tapılan Şirvanşahlar Salar ibn Yezidin adından Şabranda zərb edilən sikkə hələlik bu ərazi üçün ən qədim tədavül vasitəsi hesab edilir.
Şərqdən qərbə,şimaldan cənuba gedən tarixi İpək yolu üzərində yerləşən Şabran şəhəri əhalisi dünyanın bir çox ölkələri- İran,Çin,Hindistan,Orta Asiya,Volqaboyu və başqa yerlərlə ticarət əlaqələri yaratmışdılar.Bunu farfor,seladon qablar şüşə və metal məmulatları,balıqqulaqları və s.sübut edir.
Yalnız onu nəzərə almaq lazımdır ki,Şabranda arxeoloji qazıntıların nəticəsində dünyanın 25 yerində,müxtəlif dövrlərdə zərb olunmuş nomilların tapılması Təbriz,Naxçıvan,Cacerm,Sultaniyyə,Dar-əl İrşad,Şamaxı,Ordubad,Qum, İrəvan,Qəzvin,Trabzon (bu sikkənin ticarət,yaxud müharibə nəticəsində buraya düşdüyünü söyləmək bir qədər çətindir),Rəşt,Rey,Gəncə ,Bakı,Məşhəd,İrəvan,İsfahan,Həmədan,Cüveyn,Tiflis,Mahmudabad,Ərdəbil,Dərbənd,Ani) bu məşhur və əzəmətli şəhərin iqtisadi-siyasi qüdrətini göstərən mühüm göstəricilərdən biridir.
Dörd bazarı olması ehtimal olunan Şabran haqqında "Hüdud əl-Aləm" əsərində göstərilirdi ki,Şabran yaxud Sauran şəhəri "quz tacirlərinin ticarət yeri idi ".Bu fakt da həmin dövrdə Şabranla ticarətə dünya xalqları içərisidə böyük əhəmiyyət verildiyini sübut edir.
Bundan başqa,ingilislər1565-1567-ci illərdə,1568-1569-cu illərdə,1569-1574-cü illərdə 1580-ci ildə Şabrandan keçib Şamaxıya getmişdilər.Onu da nəzərə almaq lazımdır ki,ticarətin həcminə görə ingilis tacirləri Səfəvilərlə ticarətdə hollandlardan sonra ikinci yeri tuturdular.
İngilislər qara zəy,mis qab,qalay,mahud parça gətirib,istiot,zəncəfil,qoz,kükürd,düyü,müxək,ipək parça,xam ipək aparırdılar.
Ümumuyyətlə,Şabran şəhərinin ixracatına taxıl,ipək,meyvə qurusu,məhək daşı,xalça,sənətkarlıq məhsulları mühüm yer tuturdu.Məhək daşı ilə yanaşı,şabranlıların ixracat məhsulları içərisində göy daşın da olduğu ehtimal olunur.Əbu Xalid əl-Qərnati isə şabranlıların da Şarvan əyalətində-Bakıdan bir qədər aralıda,bir adadan isti su ilə birlikdə çıxan sarı misə oxşar daşlardan çəki daşı kimi istifadə etdiklərini göstərirdi.
Büyük İpək yolu üzərində,Azərbaycan şimal-qərbində yerləşən Şabran şəhərinin arxeploji qazıntıları zamanı onu xarici ölkələrlə əlaqələrinə dair çoxlu maddi mədəniyyət nümunələri aşkar olunmuşdur.Həmin materiallar bilavasitə məişət əşyalarına,silahlara və s.aiddir
Başqa ölkələrdən Şabrana səyyahlar-tacirlər gəldiyi kimi,şəbranlılar da digər dövlətlərə gedib ticarətlə məşğul olurdular.Bunu maddi-tarixi yadigarlarla yanaşı,yazılı tarixi mənbələr də sübut edir.Ö.Çələbinin məlumatından görünür ki,Şamaxının iyirmi altı məhəlləsi içərisində,şəhərin ən yaxşı yerində yerləşən,evləri çox məharətlə tikilmiş Meydan və Şabran məhəlləsi də vardır.Tarixi sənədlərdən məlumdur ki,Şamaxıda ayrı-ayrı ölkələrin ticarət kontorları mövcud olmuşdur.Görünür ,Şabran məhəlləsi də Şabrandan gələnlərin məskunlaşdığı yer idi.
Şabrandan tapılan müxtəlif dövrlərdə zərb olunan pullar içərisində abbasilər,mahmudilər,qazıbəylər,beşşahlıqlar da vardır.
Onuda qeyd etmək lazımdır ki,Şabranda zərb olunmuş pullara Orta Asiya ərazisində ,1858-ci ildə İrəvan quberniyasında,1861-ci ildə Tiflis uyezdində ,1884-cü ildə Tula vilayətində ,Ukraynanın Dnepropetrovski bölgəsində aşkar olunan dəfinələr içərisində təsadüf edilmişdir.
Şabranın idxalında İrandan gətirilmiş mis əşyalar,o cümlədən iynə,sancaq və bir sıra məişət əşyaları mühüm yer tutmuşdur.Ehtimallara görə ərəb Xilafəti dövründə poçt-rabitə-gömrük sistemini nizama salmaq üçün Bərdə ilə əl-Bab arasında yaradılmış 15 poçt stansiyasından biri Şabranda olmuşdur.
Antik dövrdən XVIII əsrədək mövcud olan Şabran şəhəri Azərbaycanın inkişaf etmiş iqtisadi-siyasi-mədəni mərkəzlərindən biri olmuşdur.Şabran iqtisadi çətinlik,yadelli hücümları nəticəsində tədricən zəifləyib tənəzzül etsə də Azərbaycan tarixində mühüm yer tutan şəhərlərdən biri olub,xalqımızın vətənpərvərlik,şərəf,qürur mücəssəməsi kimi tarix səhifələrində özünəməxsus yer tutmuşdur.Bu gün müasir Şabranlılar çox qədim tarixi keçmişi olan Şabran şəhəri ilə fəxr edir,Şabranlı olmaları ilə qürur duyurlar.


Şabran bu gün

Şabranda müasir dövrdə rayonun etnoqrafiyasını əks etdirən müxtəlif istehsal sahələri də mövcuddur.Əyər qədim Şabran şəhərindən danışarkən ağacişləmədən,dulusçuluqdan,şüşə istehsalından və s bu kimi sənətkarlıq sahələrindən danışılırdısa müasir dövrdə bunlar yeni istehsal sahələri ilə əvəz olunmuşdur. Şabran rayonunun etnoqrafiyasının tərkib hissəsi sayılan kənd təsərrüfatı müasir dövrdə də inkişaf edir.Bu gün rayonda kiçik və böyük fermer təsərrüfatları fəaliyyət göstərir.Şabran rayonunun maldarlıq təsərrüfatlarında əsasən iribuynuzlu mal-qara,qoyun,keçi,donuz,quş,təkdırnaqlı heyvanlar ,arı ailələri və dəvə saxlanılır.
Arıçılığın qədim forması olan bal və mum toplanılması Şabran rayonunda ayrı-ayrı şəxslər tərəfindən həyata keçirilirdi.Lakin meşələrdəki ağacların koğuşlarından qayalardan,mağaralardan toplanan bal əhalinin arı məhsullarına olan tələbatını ödəmədiyindən sünii arı pətəklərinin yaranmasına ehtiyac yaranmışdı.Hal-hazırda da Şabran rayonunda arıçılıq təsərrüfatı inkişaf edir.Şabran rayonunda arıçılıqla məşğul olan ayrı-ayrı şəxslərə məxsus 1906 arı ailəsi var. 
Şabran rayonunun əlverişli coğrafi mövqedə yerləşməsi burada balıqçılıq və ovçuluğun da inkişaf etməsinə səbəb olmuşdur.Rayon ərazisində balıq tutmaq üçün əsasən tilovlardan və balıq tutmaq üçün xüsusi hazırlanmış balıqçı torlarından istifadə olunur.
Şabranda ovçuluq təsərrüfatı da inkişaf edib.Rayonda Xəzər dənizi sahilində Ağzıbirçala gölündə quşların qışlaması bu sahənin inkişafına səbəb olub.Ovçuluqla bağlı maraqlı faktlardan biri də bir vaxtlar Rus çarı II Nikolayın qardaşının Ağzıbirçala gölünə ov etməyçün gəlməsidir.Bu adlı sanlı "ovçu"nun gəlişindən xeyli əvvəl sorağı gəldiyindən yerli hakimiyyət dairələri çarın qardaşının rahatlığı naminə o vaxtki Dəvəçi stansiyadan Ağzıbirçalaya qədər təxminən 20-25 km məsafədə daş yol salırlar.Bu yol o vaxtdan bəri "Nikolay yolu" adıyla tanınır.Bu da onu göstərir ki,burada təkcə yerli əhali deyil,həm də əcnəbilər də ovçuluqla məşğul olmuşlar.
Ümumilikdə Şabran rayonunda hal-hazırda 22 iri istehsal müəssisəsi fəaliyyət göstərir.Bu istehsal müəssisələrinə un,quş əti,yumurta,kənd təsərrüfatı məhsulları,meyvə və taxıl,kolbasa,çörək,üzümçülük,xalça,tara,kərpic,plastik qapı pəncərə və s kimi istehsal növləri daxildir.
.

 

Orta əsr Şabran şəhərində daşişləmə 
sənəti haqqında

Orta əsrlər dövründə Azərbaycanın ticarət və sənətkarlıq mərkəzlərindən biri olan Şabran şəhəri xalqımızın ictimai, iqtisadi və siyasi tarixində mühüm rol oynamışdır. Şəhərin əlverişli təbii coğrafi şəraitə malik olması, onun quru və dəniz ticarət yollarının kəsişdiyi ərazidə yerləşməsi, burada sənətkarlığın müxtəlif sahələrinin inkişafına olduqca böyük şərait yaratmışdır. Ardıcıl olaraq Şabranda aparılmış arxeoloji qazıntılar nəticəsində əldə edilmiş zəngin maddi-mədəniyyət qazıntıları şəhər əhalisinin ictimai və iqtisadi vəziyyəti haqqında dəyərli fikir söyləməyə imkan verir. 
Ərazidə aparılan arxeoloji qazıntılar nəticəsində məlum olmuşdur ki, Şabranda sənətkarlığın müxtəlif sahələri: dulusçuluq, dəmirçilik, misgərlik, zərgərlik, daşişləmə və digər sənət sahələri özünün ən yüksək inkişaf səviyyəsinə çatmışdır.
Bu sənət sahələri içərisində daşişləmə sənəti özünəməxsus yer tutur. Orta əsr şəhər tədqiqatçıları daşişləmə sənəti haqqında olduqca az məlumatlar verirlər. Q.M.Əhmədov H.Ciddi və Ö.Ş.İsmizadə öz əsərlərində daşişləmə sənətinə müəyyən qədər toxunmuşlar. Arxeoloji ədəbiyyatda daşişləmə sənətinin az əhatə olunduğunu nəzərə alaraq əsər işlənərkən etnoqrafik materiallara daha çox müraciət edilmişdir.
Azərbaycanda daşişləmə sənətinin tarixi kökləri bu ərazidə insanın təşəkkül etdiyi ilk dövrlərə çatır. Paleolit abidələrindən aşkar edilmiş maddi-mədəniyyət qalıqları Azərbaycanın qədim sakinlərinin Daş dövründəki ilk sənət həyatından soraq verir. Hələ Orta Paleolit dövründə iki çaxmaq daşını bir-birinə sürtməklə od əldəetməyi öyrənmişlər. Bu dövrdə daşdan əmək aləti və silah kimi istifadə edilmişdir. 
İlk əmək alətləri qəlpələmə texnikası əsasında zərbə üsulu ilə çaxmaq daşından hazırlanmış çapacaq tipli kobud çapma alətlərindən, dişəkləmə və gəzləmə üsulu ilə düzəldilmiş qaşov, isgənə, biz və bıçaqlardan ibarət olmuşdur. 
Daş məmulatlarının istehsal texnikasının təkmilləşməsi təbii olaraq, xüsusi peşə sahəsinin yaranmasına və tədricən onun ev sənəti halında formalaşmasına səbəb olmuşdur. Daşişləmə sənətinin ən qədim sahələrindən biri daş üzərində oyma işi olmuşdur. Qobustan qaya təsvirlərində daş üzərində oyma sənətinin nadir nümunələri öz əksini tapmışdır. Qobustanın daş ustaları oyma və cızma texnikalarında məharətlə istifadə etmişlər. Qobustanda, Gəmiqayada aparılan arxeoloji tədqiqatlar sübut edir ki, insanları soyuqdan, vəhşi heyvanlardan qoruyan, ilk məişət qabları rolunu oynayan qayalar, eyni zamanda , ibtidai insanların ən müqəddəs və əlçatmaz arzularının, düşüncələrinin əsas obyekti omuşdur. Sonralar məhsuldar qüvvəllərin inkişafı ilə əlaqədar olaraq daşişləmə sənətinin tətbiqi istiqamətləri də genişlənir. Daşdan məişət əşyaları hazırlanmasında yaşayış və müdafiə istehkamları inşasında geniş istifadə edilməyə başlayır.
Feodalizm dövründə Azərbaycanda daşyonma və daş üzərində oyma sənətləri, xüsusilə, daha çox tərəqqi etmişdir. Ölkənin ərazisində məhəlli xüsusiyyətləri ilə fərqlənən bir sıra memarlıq məktəblərinin əmələ gəlməsi və onların çoxcəhətli fəaliyyətləri ənənəvi daşişləmə sənətinin daha da zənginləşdirir. Bu cəhətdən Arran, Naxçıvan, Şirvan-Abşeron memarlıq məkətəblərinin rolu daha böyük olmuşdur.
Şabranın orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin tərkibində olması burada Şirvan memarlıq məktəbinin təsirinin daha geniş yayılmasına şərait yaratmışdır. 
Ənənəvi daşişləmə sənətinin dekorativ baxımdan zəngin və mükəmməl növünü həkkaklıq təşkil edir. Daşişləmənin kamil üsulu olan oyma texnikası özünün zərif həllini məhz həkkaklıq sahəsində tapmışdır. Hörgü inşaat texnikasının meydana gəlməsi, yeni məişət və təsərrüfat vasitələrinə təlabatın artması nəticəsində daşişləmə sənətinin bənnalıq, daşyonma, şəbəkəçilik və s. kimi yeni sahələri yaranmışdır.
Feodal münasibətlərinin möhkəmlənməsi dövründə varlı zümrələrin nüfuzunun daha da güclənməsi bir sıra sənət sahələrinin, o cümlədən, daş üzərində dekorativ oyma sənətinin inkişafına xeyli təkan vermişdir. Hakim feodal təbəqələri əhalinin aşağı zümrələrindən fərqli olaraq möhtəşəm saray və qəsr tipli əzəmətli binalar tikdirirdilər. Bu binalar zəngin bədii dekora malik oyma nəqş ünsürləri ilə bəzənirdi. Bütün bu amillər daşişləmə üsullarının tətbiq sahələrinin genişlənməsi və texniki cəhətdən daha da təkmilləşməsinə səbəb olmuşdur.
Dekorativ tətbiqi sənətdə əsas yer tutan daş, üzərində oyma üsulu xüsusilə xatirə abidələrinin hazırlanmasında daha çox tətbiq olunmuşdur. 
Qədim dövrlərin dəfn adətlərinə və qəbir instruksiyalarında daş əsas ölçü idi. Daşlar bəzən qəbrin dibinə döşənir, bəzən isə divarlarına düzülürdü. İlk orta əsrlərdə Albaniyada daş qutu qəbirlərdən istifadə olunması, İslam aləmində qəbirlərin üstünün daşla örtülməsi adəti arxeoloji və etnoqrafik tədqiqatlardan məlumdur.
Gəncə, Bərdə və digər yaşayış məskənlərində aşkar edilmiş arxeoloji abidələrdə istər bəzək və zinət əşyaları, istərsə də dini əhəmiyyətə malik heykəlciklər formasında yonulmuş daşların insanı pis ruhlardan, şər qüvvəllərdən qorunması məqsədilə hazırlanması sübut edilmişdir.
Orta əsr Şabran şəhər qəbristanlığında məzar abidələrinin böyük əksəriyyətini sənduqə tipli qəbirüstü və tənha baş daşları təşkil edir. Orta əsr xəttatlarının böyük əksəriyyəti, həm də həkkaklıqla məşğul olurdu.
Oyma sənətində müxtəlif alətlərdən gödək dəstəkli həkkak çəkici, düz və çəp ağızlı isgənələrdən, zeh mişarı, pərgah, ülgü, həkkak qələmi, kömür və hisqara işlədilirdi. 
Müxtəlif xətt üslublarından istifadə edən orta əsr həkkakları çox vaxt kitabənin boşluqlarını həndəsi və nəbati səciyyəli ornament nümunələrindən ibarət kompazisiya ünsürləri ilə tamamlayıb bəzədiklərindən onlar, eyni zamanda, nəqqaş vəzifəsini də gördülər. 
Orta əsr Şabran şəhəri Böyük Qafqaz dağlarının ətəyində yerləşdiyi üçün xammalın həmin dağlardan gətirilməsinə şübhə qalmır. Daşişləmə sənətində birinci növbədə iş prosesi daşçıxarmadan başlanır. Daşın çıxarılması müəyyən istehsal bacarığı tələb edirdi. Daş ustaları əvvəlcə salı kəsir, sonra onu doğrayırdılar. Ona görə də daşçıxaran usta eyni zamanda "daşkəsən" adlanırdı.
Məmulatın hazırlanması bilavasitə yonma əməliyyatından başlanır. 
Tətbiq sahəsindən asılı olaraq daşyonma sənətində tarixən ixtisaslaşma getdiyindən tikinti daşının yonulması ilə bənnalar məşğul olurdular. Onlar hörgü daşı, bəzək, sütun və s. olmaqla müxtəlif forma və ölçülərdə tikinti materialı yonub hazırlayırdılar. Təsərrüfat və məişət əşyalarının həvəng, oxur, kirkirə, dəyirman daşı və s. hazırlanması ilə xüsusi ustalar məşğul olurdular. Xatirə abidələrinin bir qismini həkkaklar, müəyyən hissəsini isə daşyonan ustalar hazırlayırdılar.
Xatirə abidələri təkcə məzar daşlarından ibarət olmayıb xeyrat bulaqları ilə bağlı daş məmulatını da əhatə edirdi. Şabranda daş məmulatları içərisində daş yonmanın bütün üsullarını özündə əks etdirən maddi-mədəniyyət qalıqları aşkar edilmişdir.
Daşyonma üsulları. Daş məmulatının növündən, asılı olaraq müxtəlif üsullarla yonulub hazırlanırdı.
Qaraçapma. İstər tikinti, istərsə də məzar daşı, ilk növbədə, balta ilə bir dəfə kobud şəkildə yonulurdu. Qaraçapma adlanan bu üsuldan xüsusilə hörgü daşının hazırlanmasında geniş istifadə olunurdu. Qaraçapma əməliyyatı nəticəsində daşın səthi kobud yonulub ilkin formaya salınırdı.
Şabranda V qazıntı sahəsində aparılmış arxeoloji tədqiqat işlərində aşkar edilmiş qala divarı bu baxımdan çox maraqlıdır.
Hələlik, bu qalanın səkkiz bürcü torpaqdan təmizlənmişdir. Əldə edilmiş şirli saxsı nümunələrinə əsasən məlum olmuşdur ki, o təxminən IX əsrin ortalarında tikilmişdir. Divardakı daşlar nisbətən böyük olub müxtəlif ölçülərdədirlər. Lakin hörgü daşlarının hamısı düzbucaqlı formada qalın yonulmuşdur. Qala divarının hörgü daşlarının böyük əksəriyyəti qaraçapma üsulu ilə hazırlanmışdır. Qala divarı uzun müddət şəhərin narınqala rolunu oynamışdır. Bürclərdə müxtəlif vaxtlarda aparılmış bərpa işlərində kiçik ölçülü, lakin düzbucaqlı formalı daşlardan istifadə edilmişdir. Bürclər arasındakı divarlarda Şabran ustaları dişəmə üsulu ilə hazırlanmış daşlardan da istifadə etmişlər. Görünür, şəhər feodalları qala divarlarının müdafiə baxımından başqa, eyni zamanda, xarici görkəminin yaraşıqlı olmasına diqqət yetirmişlər. Divarın zahiri üzünün yaraşıqlı olması üçün, adətən, qaraçapma və cümməçapma üsulu ilə işlənmiş daşın bir üzü təvərdişək vasitəsi ilə dişənib daha hamar şəkildə salınırdı. 
qaraçapma və cümməçapma üsulu ilə yonulmuş müxtəlif formalı və müxtəlif ölçülü daşlarla örtülmüşdür. Onun daxili də suyun axmasına maneçilik olmaması üçün nazik və yaxud yastı daşlardan döşənmişdir. Maraqlı cəhət ondadır ki, kanalizasiyanın üst daşlarının birində xüsusi deşik açılmışdır. Deşiyin içərisində arxası geniş uc hissədən nazik konusvari daş yonulub salınmışdır. Görünür kanalizasiya tutularkən onu təmizləmək üçün həmin deşikdən istifadə edilmişdir. 
II qazıntı sahəsində XIV əsr təbəqəsindən aşkar edilmiş bina qalığı çox maraqlıdır. Həmin bina kvadrat formalı 25x25x5 sm bişmiş kərpicdən inşa edilmişdir. Onun qabaq hissəsi çox yonulmuş daşlarla hörülmüşdür. Həmin daşlar kvadrat və düzbucaqlı formada hazırlanmışdır. Adətən divarın zahiri üzünün yaraşıqlı olması üçün qaraçapma və cüməçapma üsulu ilə işlənmiş daşın bir üzü təvərdişək vasitəsi ilə dişənib daha da hamar şəkilə salınırdı. Məscid, hamam, karvansara, türbə və digər ictimai tikintilərin divarlarının bayır üzü bu üsulla hazırlanmış "dişək daşı" ilə hörülürdü. Binanın geniş həyəti düzbucaqlı və kvadrat formalı qaraçapma və cümməçapma üsulu ilə yonulmuş daşlardan döşənmişdir. Göründüyü kimi, Şabran ustaları həmin binanın inşasında daşyonmanın üsulundan məharətlə istifadə etmişlər.
Daşişləmə sənətində çalışan Şabran ustaları şəhərin məişət və təsərrüfat həyatında müəyyən rol oynamışdır. Belə ki, II qazıntı sahəsində XIII əsr təbəqəsindən aşkar edilmiş daş novçalar diqqəti cəlb edirlər. Həmin novçalar uzunluğu 1 metr olmaqla 20 sm dərinlikdə yonularaq düzbucaqlı formaya salınmışdır. Daşyonan usta hər hansı məqsəd üçün hazırladığı məmulatı daşın növündən asılı olaraq seçilirdi. Şabranda aşkar edilmiş novçalar yonulmaq üçün əlverişli olub, yumuşaq növlü əhəng daşından hazırlanmışdır. Həmin novçalardan ehtimal ki, şərab istehsalında və ya su dəyirmanlarının daşlarının fırladılmasında suyun sürətlə hərəkət etməsi üçün istifadə etmişlər. Novçaların hazırlanmasında daşyonmanın iki, qaraçapma və cümmə-çapma üsulundan istifadə etmişlər. Kvadrat formalı yumşaq növlü daşdan hazırlanmış həvəngdəstənin səthi əvvəlcə qaraçapma və cümməçapma üsulu ilə yonularaq formalaşdırılmışdır. Sonra onun səthi müəyyən qədər dişənərək hamar vəziyyətə salınmışdır. Onun daxili ağız hissədən nisbətən gen, oturacağa doğru getdikcə daralan formada konusvari hazırlanmışdır. Həmin daşdan duz əzmək və digər ədviyyat məhsulları hazırlamaq üçün istifadə edilmişdir. Həmin duz daşlarından son dövrlərə qədər Azərbaycan ərazisində, xüsusilə Şirvan bölgəsində istifadə etmişlər. Belə formalı həvəngin oxşar nümunələri qədim Şamaxı qazıntılarından da tapılmışdır.
XIII əsr təbəqəsində ictimai binanın yaxınlığından en kəsiyi dairəvi formada olan simmetrik formada daşdan hazırlanmış diyircək aşkar edilmişdir. Həmin daşın səthi yonulmuş, sonra isə müəyyən qədər dişənərək hamar formaya salınmışdır. Daşın hər iki başında 10 sm uzunluğunda xüsusi çıxıntılar yonulmuşdur. Etnoqrafik məlumatlardan aydın olur ki, həmin daşdan evlərin üstünün torpağını bərkitmək üçün istifadə edilmişdir. Onun hər iki qulaqcıqlarına ip keçirməklə fırlanması asanlaşdırılmışdır. Xüsusilə, yağışdan qorunmaqdan ötrü evlərin üstünü daha yaxşı bərkitmək üçün daşlardan geniş istifadə edilmişdir. Son dövrlərə qədər Şirvanın dağlıq yerlərində bu daşların daha təkmilləşmiş formalarından istifadə edilmişdir. Həmin daşlar da slindrik formada ortasından bir başa deşik açılmışdır. Həmin deşiyə xüsusi ox keçirilərək onun hər iki başına ip bağlanır, bu isə həmin daşın daha asan fırlanmasını təmin edir. Həmin daşlar istifadə sahəsindən asılı olaraq iki formada, dairəvi və donqarlı hazırlanırdı. 
Şəhərin narınqala hissəsinin içərisində ictimai binanın həyətindən XII əsr təbəqəsindən aşkar edilmiş slindrik formalı daş sütun hazırlanma və bədii dekorativ məzmununa görə diqqəti cəlb edir. Həmin daş olduqca böyük ustalıq məharəti ilə hazırlanmışdır. Onun yastı geniş oturacağı və altı üzü vardır. Daş əvvəlcə yonularaq hamarlanmış, sonra isə yaxşı dişənmişdir. Onun hər üzündəki bir-birini təkrarlamayan nəbati dekorativ oyma naxışlar daşyonan ustanın sənətkarlıq məharətinin bariz nümunəsini özündə əks etdirmişdir. Daşın ortası uzununa yonularaq oturacaqdan dar və yuxarı qalxdıqca nisbətən geniş forma almış və sanki saxsıdan hazırlanmış su tüngünü xatırladır. Həmin məmulat yumşaq növlü əhəng daşından hazırlanmışdır. 
Orta əsr Şabran şəhərində məzar daşlarının hazırlanmasına da xüsusi fikir veririlirdi. Bir məzar daşı sənduqə rolu oynamış enli yastı formada yonulmuş, ortası şaquli vəziyyətdə qalxaraq uzununa hazırlanmışdır. Belə qəbir daşına Şirvanda tez-tez rast gəlmək olur.
Digər düzbucaqlı formada yonulmuş sənduqə dişənərək hamar vəziyyətə salınmışdır. Səthində nisbətən düzbucaqlı formada yonulmuş və oyma üsulu ilə iki böyük, ortada isə kiçik ölçüdə gül formalı naxış, çox güman ki, günəşə oxşar təsvir verilmişdir. Belə səkkizçəkili təsvirli qəbir daşı Bakıda Qız qalası yaxınlığındakı abidədən tapılan məzar daşlarının içərisində də vardır. Sənduqənin hazırlandığı daşın materialı kövrək olması səbəbindən istehsal prosesində onun baş və içəri hissələri sınmış və iş yarımçıq qalmışdır.
Şabranda qəbir daşları üzərində mərhumun peşə və sənətini əks etdirən bir sıra məişət və təsərrüfat əşyaları, silah və nəqliyyat vasitələri təsvirlərinə rast gəlmək olur. Sənduqənin yanlarında mərhumun xatirəsinə həsr olunmuş, dünya işlərinin aqibəti haqqında ibrətamiz beytlər, bayatılardan, hikmətli sözlərdən nümunələr, Qurandan ayələr və abidənin kimdən yadigar olduğunu bildirən ifadələr həkk edilirdi. Şabrandakı sənduqənin üst və yan haşiyələrində 14 məsumə və Qurandan 2 surə, 256-cı ayə yazılıb. Əhsən bəyin abidəsidir. Tarixi yoxdur. XV əsrə aid etmək olar. Sənduqənin bir başında gülabdan və yəhərlənmiş at, digər başında isə cütlənmiş başmaq təsviri verilmişdir. Sənduqənin üzərində nəbati təsvirlər ustalıqla oyularaq ona xüsusi gözəllik vermişdir. 
Digər qəbir daşları şəhərin narınqala hissəsindən bir az aralı sahədən tapılmışdır. Onlar nisbətən nazik yonulmuş baş daşları olub düzbucaqlı formada hazırlanmışdır. Hər iki üzləri dişənərək hamar vəziyyətə salınmışdır. Daşın birinin üzərində oyma və qabarıq naxışlarla müxtəlif həndəsi və nəbati təsvirlər həkk edilmişdir. Onun ortasındakı haşiyəyə medalyon formalı təsvir verilərək ətrafı və içərisi güllərlə bəzədilmişdir. Daşın hər iki kənarındakı haşiyənin içərisində isə mərhumun xatirəsinə aid ərəb əlifbası ilə yazılar həkk olunmuşdur. Eyni formalı qəbir daşı Bakıdakı Qız qalası yaxınlığındakı məzar daşlarında və Şamaxı rayonunun Kələxana kəndindəki &