Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qubada Regional Mətbəx Festivalı keçirilib

29.07.2019

27-28 iyul tarixlərində Quba şəhərinin Nizami parkında Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi, Xaçmaz Regional Mədəniyyət İdarəsi, Quba Destinasiya Menecmenti Təşkilatı və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tərəfdaşlığı ilə ərsəyə gələn festivalda yerli və regional icma nümayəndələrinin, region istehsalçılarının və turizm sahəsi peşəkarlarının məhsulları nümayiş olunub.

Festival iştirakçıları əvvəlcə “Mətbəx nümunələri”, “Dadma və məhsul ərazisi” və “Yerli kənd təsərrüfatı məhsullarının satışı” adlı zonalarla tanış olublar.

Daha sonra qonaqlara Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəndə qədim zamanlardan bişirilən milli yeməklər təqdim edilib. Bölgədə yaşayan azsaylı xalqların özünəməxsus mətbəx nümunələri tədbir iştirakçılarında böyük maraq oyadıb.

İki gün davam edən festival çərçivəsində qastronomik, mədəni, tarixi və əyləncəli proqramların keçirildiyi “Əsas səhnə” və uşaqlar üçün “Əyləncə parkı” zonası fəaliyyət göstərib.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev festivalın açılış mərasimində çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Bildirilib ki, gündən-günə inkişaf edən ölkəmizdə bu kimi tədbirlərin keçirilməsi ənənəvi hal alıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dayanıqlı inkişaf siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində respublikamızın bölgələri çiçəklənir, abadlaşır. Bu isə imkan verir ki, belə mötəbər tədbirlər rayonlarda da təşkil olunsun.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, Azərbaycanda turizmin inkişafını sürətləndirmək, ölkənin daxili turizm potensialını dünya bazarına çıxarmaq, habelə xarici turistlərin diqqətini səfalı guşələrimizə cəlb etmək məqsədilə dövlətimiz tərəfindən bir sıra mühüm işlər həyata keçirilir. Bu gün qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olan turizm sahəsində kompleks tədbirlər reallaşdırılır. Son illərdə ayrı-ayrı bölgələrdə müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, hotellərin inşası, yol-nəqliyyat infrastrukturunun yaradılması həm xarici, həm də yerli turistlərin bölgələrimizə marağını artırıb.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev Azərbaycanın zəngin mətbəxə malik olduğunu bildirərək, bu festivalın ölkəmizin müxtəlif bölgələrində milli yemək növlərinin aşkara çıxarılmasına, yerli və beynəlxalq ictimaiyyətə təqdim olunmasına xidmət etdiyini diqqətə çatdırıb.

“Azərbaycan milli mətbəxinin tarixi xalqımızın tarixi qədər qədimdir”, - deyən N.Ağayev qeyd edib ki, milli kulinariyamız öz tarixi kökləri və özünəməxsusluğu ilə fərqlənir. Festivalın keçirilməsində əsas məqsəd mətbəx nümunələrimizi tanıtmaq, təbliğ etmək və milli yeməklərimizə əl uzadanların qarşısını almaqdan ibarətdir.

Minlərlə qonağın qatıldığı festival maraqlı konsert proqramı ilə davam edib. Xalq artisti Mənsum İbrahimov, Əməkdar artist Təyyar Bayramov, populyar ifaçılar Sevda Yəhyayeva, Aynur Dadaşova, Zenfira İsmayılova və Anar Şuşalının ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

107.9 KB

 

101.1 KB

 

118.8 KB