19.03.2021
18 mart 2021-ci il tarixdə Qusar rayon Heydər Əliyev Mərkəzində “Milli-mənəvi dəyərlərə sadiq Qalib Azərbaycan” mövzusunda vebinar keçirilmişdir. Onlayn tədbiri giriş sözü ilə Mərkəzin direktoru Neva Abdurahmanova açaraq, respublikamızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini yad etmişdir. O, çıxışında milli-mənəvi dəyərlərin xalqın kimliyinin formalaşmasında əsas faktorlardan biri olduğunu vurğulayaraq, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin davamı olaraq Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, təbliğ və təşviq edilməsini daim diqqət mərkəzində saxladığını qeyd etmişdir. 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş doğma torpaqlarımızda aparılan quruculuq işləri ilə yanaşı maddi və mənəvi irsin dirçəlişinin vacib əhəmiyyət daşıdığını, Qarabağ mədəniyyətinin, bölgəyə xas tarixi abidələrinin maddi və mənəvi irsin bərpası işlərinin ölkə başçısı tərəfindən diqqətdə saxlanıldığını vurğulamışdır.
“Heydər Əliyev və mili-mənəvi dəyərlər” mövzusunda çıxış edən Qusar rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Lamiyə Abdullayeva Azərbaycançılıq ideologiyasının banisi Heydər Əliyevin respublikamızda multikultural və tolerant mühütin qorunmasındakı xidmətlərindən söz açmışdır.
“ Milli adətlərimizin mənəvi yaddaşımızdakı yeri” adlı mövzu ilə Qusar Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Xatirə Nağıbəyova çıxış edərək Novruz bayramının xalqın təfəkküründəki fəlsəfi düşüncələr toplusu kimi ən qədim el bayramı olaraq tarix boyu qadağa və təqiblərə məruz qalmasına baxmayaraq öz gözəlliyini indi də saxladığını və dövlətimiz tərəfindən milli bayram kimi qəbul edildiyini söylədi.
Qusar şəhər 5 saylı tam orta məktəbin tarix fənni üzrə müəllimi Gülçin Muradova “ Tarixi zəfər və mənəvi dəyərlər” adlı məruzəsində Ölkə başçısı cənab İlham Əliyevin, respublikanın birinci vitse-prezidenti Mehriban Əliyevanın işğaldan azad edilən torpaqlara səfərlərinin mənəvi cəhətdən dünyaya bir mesaj olduğunu, ziyarət olunmuş məscidlərin, habelə, alban kilsəsinin və digər tarixi abidələrin xalqımızın maddi və mənəvi irsinin göstəricisi kimi bərpasının dövlətimiz tərəfindən diqqətdə saxlanıldığını qeyd etmişdir.
Mərkəzin könüllüsü Xəzər universitetinin tələbəsi Günel Ağabəyova “Vətən sevgisi, Qələbə sevinci” mövzusundakı çıxışında böyük qələbəni bizə bəxş edən yüzlərlə şəhidimizin xatirəsinə hörmət olaraq gənclərimizi milli adətlərimizi, mənəvi dəyərlərimizi, işğaldan azad edilmiş torpaqlarımızın tarixi və mədəniyyətini təbliğ etməyə dəvət etmişdir.
Onlayn tədbirə dəvət almış iştirakçılar mövzu ilə bağlı müxtəlif fikirlər səsləndirərək milli-mənəvi dəyərlərin inkişafının əsasında varislik prinsipinin dayandığını, onun vasitəsilə tarixi-mənəvi irsin gələcək nəsillərə çatdırılmasının mümkün olduğunu bildirdilər.